Xorvatiya rəsmisi: “SOCAR-la əməkdaşlığımız SGC və İAP kimi layihələri dəstəkləyir”

Socar1.jpeg

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qaz təchizatı sayəsində 2024-cü ildən Azərbaycanla daha da möhkəmlənən tərəfdaşlığımız, Cənub Qaz Dəhlizi və İon-Adriatik (İAP) boru kəməri kimi əsas layihələri dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vedran Şpehar Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Xorvatiya 2050-ci ilə qədər Avropanın iqlim siyasətinə uyğun olaraq təmiz və əlverişli enerji və “yaşıl” iqtisadiyyata keçid hədəfinə sadiqdir.

O bildirib ki, REPowerEU proqramı sayəsində ölkə regional enerji mərkəzinə çevrilir, mayeləşdirilmiş təbii qaz (LNG) terminalımızı 2026-cı ilə qədər 559 milyon avro investisiya ilə 6,1 milyard kubmetrə qədər genişləndirir, eləcə də Sloveniya və Macarıstanda yeni boru kəmərlərinin inşasına sərmayə qoyur.