ABŞ Afrikaya 55 milyard dollar ayıracaq

1670944890479254493 1000x669.jpg

ABŞ üç il ərzində Afrikaya 55 milyard dollar ayıracaq.

Bunu Vaşinqtonda ABŞ-Afrika sammitində Co Baydenin qitə liderləri ilə görüşündən əvvəl Ağ Ev bildirib.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bu vəsaitin xüsusən səhiyyə sahəsində və iqlim dəyişikliyinə qarşı mübarizə üçün istifadə olunacağını desə də, onun mənşəyi və paylanması barədə təfərrüatları açıqlamayıb. O qeyd edib ki, bu, “konkret problemlərin həlli üçün resursların real səfərbər edilməsi” olacaq.

Afrikanın bir neçə ölkəsində səfir vəzifəsində çalışmış 79 yaşlı diplomat Conni Karson bu böyük maliyyə vədlərinin yerinə yetirilməsini təmin etmək üçün xüsusi nümayəndə təyin edilib.

Dekabrın 15-dək davam edəcək ABŞ-Afrika Sammitinin məqsədi Birləşmiş Ştatların qitə ilə əlaqələrinin genişləndirilməsidir.