Ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

16705076253974544248 1000x669.jpeg

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İsmayıllı, Ağcabədi və Lerik rayonlarındakı qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, aparılmış araşdırmalarla İsmayıllı rayonunun Tircan kəndində, Ağcabədi şəhərindəki “Üzeyir Hacıbəyli təsərrüfatı” adlanan ərazidə dövlət mülkiyyətində olan pay torpağında meşə fonduna daxil olmayan, Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonunda meşə fonduna daxil olan ümumilikdə 341 ağac və kolun kəsilməsi, habelə təbii fəlakət nəticəsində aşmış 32 müxtəlif cinsli ağacın gizli olaraq talanması nəticəsində təbiətə 42 min manatdan çox ziyanın dəyməsi müəyyənləşdirilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq), 259.1-ci (qanunsuz ağac kəsmə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.