24–26 iyul 2026-cı il tarixlərində Göygöl rayonunun Xan Yaylağında yerləşən “Xan Yurdu” etnoqəsəbəsində V Milli Yaylaq Festivalı keçirilib.
Azərbaycan xalqının zəngin milli-mədəni irsinin, qədim yaylaq ənənələrinin, milli idman növlərinin və etnik dəyərlərinin təbliğ olunduğu festivalda Alpagut idmançıları da geniş heyətlə təmsil olunublar.
Alpagut Federasiyasının vitse-prezidenti Rafiq Qasımovun rəhbərliyi ilə 60-dan çox Alpagut idmançısı festivalda iştirak edib. İdmançılar tərəfindən Alpagut döyüş sənətinin müxtəlif texniki elementləri və nümunəvi çıxışlar nümayiş etdirilib, həmçinin ənənəvi türk oxçuluğu festival iştirakçılarına təqdim olunub.
Festivalın xüsusi və yaddaqalan məqamlarından biri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Alpagut idmançılarının təqdimat meydançasını ziyarət etməsi olub.
Federasiyanın vitse-prezidenti Rafiq Qasımov nazirə ənənəvi türk oxçuluğunun xüsusiyyətləri və atış qaydaları barədə məlumat verib. Daha sonra nazir Fərid Qayıbov Rafiq Qasımovun müşayiəti ilə türk oxçuluğu üzrə atış edib. Həmin anları əks etdirən video görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Üç gün davam edən festival çərçivəsində Alpagut idmançılarının çıxışları və türk oxçuluğu təqdimatları ziyarətçilər tərəfindən maraqla izlənilib. Təqdimatlar zamanı iştirakçılara Alpagutun tarixi kökləri, milli-mənəvi dəyərləri və müasir idman sistemi haqqında məlumat verilib.
Dünya Alpagut Federasiyası festivalın yüksək səviyyədə təşkilinə, milli-mədəni irsimizin və milli idman növlərimizin geniş ictimaiyyətə təqdim olunmasına verdiyi töhfəyə görə “Cavad xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, festivalın layihə rəhbəri Müzadil Həsənova dərin təşəkkürünü bildirir.
Həmçinin göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti Kazım Qurbanova və Assosiasiyanın rəhbərliyinə minnətdarlığımızı ifadə edirik.
Alpagut idman növünün V Milli Yaylaq Festivalında iştirakı milli döyüş mədəniyyətimizin, ənənəvi türk oxçuluğunun, Türk dünyasının ortaq irsinin və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verib.
Alpagut — qədim Türk döyüş ruhunun müasir idman sənətində yaşadılan təcəssümüdür!
#Alpagut #AzərbaycanAlpagutFederasiyası #FəridQayıbov #RafiqQasımov #KazımQurbanov #MüzadilHəsənov #MilliYaylaqFestivalı #XanYurdu #XanYaylağı #Göygöl #TürkOxçuluğu #Milliİdman #TürkDünyası
https://www.instagram.com/reel/DbOjlwWxsuM/… “Gənclər və idman naziri Fərid Qayıbov Yaylaq Festivalında …”
“Fərid Qayıbov yaylaq festivalında ox atdı!”














