Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın mədəni irsini özündə əks etdirən Novruzun çoxəsrlik ənənələri, mətbəxi və məişətinin nümayiş etdirildiyi pavilyonlarla tanış olublar. Daha sonra rayon ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələrini, eləcə də idman məktəblərinin çıxışlarını izləyiblər.
Açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində Azərbaycan Alpaqut Federasiyasının idmançıları da iştirak edirlər. Alpaqut döyüş sənəti haqqında şənlik iştirakçılarına məlumatlar verilib, müxtəlif ustad dərsləri keçirilib.
Tədbir mədəniyyət və incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı ilə davam edib.


















