Amnistiya aktları insan amilini əsas götürən siyasi iradənin ifadəsidir – ŞƏRH

Ilhameliyevprezident 4 scaled

Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir.

Bu gün böyük qürur hissi ilə deyə bilirik ki, 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi ilə qəbul edilmiş və müasir dövlətçiliyimizin hüquqi təməlini yaratmış Azərbaycan Respublikasının Konstitusiyası ölkə ərazisində tam hüquqi qüvvəyə minib. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində əldə edilən tarixi Zəfərlər müasir Azərbaycanın dünyadakı imicini yenidən formalaşdırdı. Bu mənada “Konstitusiya və Suverenlik İli” münasibətilə Möhtərəm Prezident cənab İlham Əliyevin böyük miqyaslı amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etməsi də Azərbaycanın humanist və sülhpərvər mövqeyini bir daha dünyaya nümayiş etdirir. Aydındır ki, bu tarixi təşəbbüs Ölkə başçısı tərəfindən suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi kimi nəzərə alınaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək irəli sürülüb. Amnistiya aktı ilə 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. 20 mindən çox insana şamil ediləcək bu addım həm də böyük ictimai əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, yaxın tariximizdə imzalanan əfv sərəncamları və amnistisiya aktları birmənalı şəkildə bizə onu deməyə əsası verir ki, müasir Azərbaycan dövlətinin siyasətində humanizm, sosial ədalət və vətəndaş rifahı əsas prioritetlərdən biri kimi çıxış edir. Bu baxımdan Möhtərəm Prezident cənab İlham Əliyevin irəli sürdüyü və dəstəklədiyi amnistiya təşəbbüsləri dövlətin cəza siyasətində mərhəmət, ədalət və islah prinsipinin ön planda tutulduğunu aydın şəkildə nümayiş etdirir.

Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir. Bu Amnistiya təşəbbüsü ilk olaraq neçə-neçə körpənin öz valideynlərinə qovuşması, neçə ailədə sevinc olması deməkdir.

Yusif Abdullayev
Neftçala rayonu