Azərbaycan Avrasiyanın enerji xəritəsini dəyişib

781877bd165962866926629844710511683.jpg

Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin getdikcə möhkəmləndirilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün strategiyanın nəticəsidir. Azərbaycanın son illərdə Cənubi Qafqazda yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbulu baxımından xüsusi əhəmiyyət kəsb edir. Çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətləri hazırda da inkişaf etməkdədir. İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə Prezident İlham Əliyevin bir neçə gün əvvəl bu ölkəyə reallaşan işgüzar səfəri beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu, İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin də diqqətindən yayınmayıb. Bildiyimiz kimi 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Azərbaycanla İtaliya arasında münasibətlər həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf edir. Azərbaycan üçün Avropanın strateji tərəfdaşı olan ölkələrdən İtaliya Azərbaycanla həm ticarət, həm də ixracat tərəfdaşı olaraq birinci yerdədir. Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında isə üçüncü yeri tutur. Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etmişdir.

Ölkələrimizin ikitərəfli gündəliyinə davamlı olaraq yeni, vacib mövzular daxil edilir və ikitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər göstərilir. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş müzakirələr davamlı şəkildə aparılır. Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşılığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir.

Azərbaycanın enerji strategiyasının önəmli mərhələlərindən biri nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Möhtərəm Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Bundan başqa, respublikamızın rəhbəri artan ehtiyacı təmin etmək üçün hazırda sıx əməkdaşlığa və əlaqələndirməyə ciddi ehtiyac olduğunu, bu məqsədlə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildiyini diqqətə çatdırıb. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızdan gələcəkdə daha da səmərəli istifadə etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Aynurə Mahmudova,
Bakı şəhəri, 55 saylı tam orta məktəbin Biologiya müəllimi,
YAP Xətai rayon təşkilatının “İ.Orucova 21A” ərazi partiya təşkilat sədri