Sirr deyil ki, təkqütblü dünya düzəni tarixə qovuşmaqdadır. Hazırda cərayan edən mürəkkəb qarışıq beynəlxalq münasibətlər sistemi yeni geosiyasi, beynəlxalq nizam və taraqlıqda daha ədalətli birlik formatının qurulmasını tələb edir. Azərbaycan bu baxımdan da BRICS-ə və onun gələcək perspektivinə ümidlə yanaşır. Belə ki, qlobal geostrateji hədəflərə malik Azərbaycan, irimiqyaslı enerji və infrastruktur layihələri həyata keçirməklə müasir nəqliyyat logistikası sisteminə töhfə verən ölkə olaraq təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiyada mühüm geoiqtisadi oyunçudur. Məqsəd bütün mövcud imkanlardan yararlanmaq, mümkün beynəlxalq platforma və yüksək tribunalardan ölkə maraqlarını qətiyyətlə dünyaya duyurmaq və çoxtərəfli formatlarda dialoq və əməkdaşlığı şaxələndirməkdir.
Bu günlərdə Kazan şəhərində baş tutan BRICS-in XVI Sammitində iştirak və çıxış edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edirdi. Nəticə etibarı ilə BRICS-in Kazan sammitini ölkəmiz üçün uğurlu hesab etmək olar. Sammitin region üçün əsas önəmli məqamı isə siyasi arenanın diqqətində olan BRICS-də tərəflərin vasitəsiz görüşünün baş tutması oldu. Belə ki, Sammitdə cənab Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilən olsa da, ölkə başçılarının vasitəsiz bir araya gəlməsini sülhlə doğru addım, eyni zamanda sülh danışıqlarının sürətlənəcəyinə inamı bir qədər də artırdı. Bununla yanaşı, Azərbaycan və Ermənistan arasında ikitərəfli görüş sülh gündəliyində razılaşmanın irəliləməsi üçün inamlı zəmin yaranmasına, bundan sonra da sülh gündəliyinin inkişaf etdirilməsi istiqamətində vasitəsiz şəkildə bir araya gəlmənin intensivləşəcəyinə, sülh sazişi, sərhədlərin delimitasiyası, demarkasiyasını və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə müzakirələrdə müsbət nəticələr olacağına ümidlər yaratdı. Sadalananları ümumiləşdirdikdə BRICS-in XVI Sammitini, həm Azərbaycan, həm də ümumilikdə region üçün həlledici mərhələnin başlanğıcı olaraq dəyərləndirmək olar.
İdris Xanmədov;
Neftçala rayonu





