Qürurverici haldır ki, dünyada baş verən proseslər, müharibələr, kataklizmlər fonunda Azərbaycan Möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü məntiqli, gələcəyə hesablanmış, milli maraqlar üzərindən qurulmuş daxili və xarici siyasət nəticəsində beynəlxalq səviyyədə nüfuzlu ölkə kimi tanınır və qəbul edilir.
Məhz uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Bu günlərdə cənab İlham Əliyevin Özbəkistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə iştirakı dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Aşkar surətdə görünür ki, son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Xüsusilə Vətən Müharibəsindəki tarixi Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır.
Həmin dövlətlər arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Ölkə başçımızın Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə görüşlərə xüsusi qonaq qismində dəvət olunması dövlətlərimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Onu da xatırladaq ki, Mərkəzi Asiya ölkələri düşmən işğalından azad edilmiş tarixi Azərbaycan ərazilərinin bərpasına, sözün həqiqi mənasında, əsl qardaş kimi iştirak edirlər.
Cənab Prezident səfər ərəfəsində Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində bu faktı xüsusi qeyd etdi. Bəli, Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətlər qurmaq və inkişaf etdirməkdir. Bu mənada ölkəmizin Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlı olması qarşılıqlı etimadın təzahürüdür.
Vüsal Atayev;
Neftçala rayonu





