XXI əsrin mürəkkəb geosiyasi reallıqları fonunda beynəlxalq münasibətlərdə dərin etimada, ortaq dəyərlərə və tarixi bağlılığa əsaslanan əməkdaşlıq nümunələri nadir hallarda rast gəlinir. Məhz bu nadir nümunələrdən biri də Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan, hər keçən gün daha da möhkəmlənən və yeni məzmun qazanan qardaşlıq münasibətləridir. Bu münasibətlər sıradan diplomatik əlaqələr çərçivəsinə sığmır – bu, ümumi tarixə, mədəniyyətə, dinə, mənəvi dəyərlərə və ən əsası, sarsılmaz qarşılıqlı dəstəyə əsaslanan strateji tərəfdaşlıqdır. Azərbaycan, Türkiyə və Pakistan xalqları müxtəlif zamanlarda, fərqli coğrafi məkanlarda eyni məram, eyni ideallar uğrunda mübarizə aparıblar. Müstəqillik, ədalət, ərazi bütövlüyü və sülh prinsiplərinə sədaqət bu üç ölkənin xarici siyasətində başlıca yer tutur. Tarix boyu bir-birinin ağır günündə yanında olan bu xalqlar, bu gün də qlobal və regional çağırışlar qarşısında çiyin-çiyinə dayanırlar. 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə zamanı Türkiyə və Pakistanın göstərdiyi mənəvi və siyasi dəstək qədirbilən xalqımızın yaddaşında dərin iz buraxdı. Həmin günlərdə səslənən “Bir millət – iki dövlət”, “Üç qardaş – bir ürək” şüarları təkcə emosional çağırış deyildi, bu, dərin mənəvi bağlılığın, əbədi həmrəyliyin rəmzi idi. Pakistan parlamentində Azərbaycan Ordusuna dəstək ifadə edən qərarların qəbul edilməsi, Türkiyənin yüksək səviyyəli siyasi dəstəyi və xalqın könüldən gələn duası Azərbaycanın haqq savaşında yalnız olmadığını bütün dünyaya nümayiş etdirdi. Bu gün isə həmin qardaşlıq daha geniş və institusional əməkdaşlıq səviyyəsinə yüksəlib. İkinci üçtərəfli Zirvə görüşü məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş Laçın rayonunda, Şərqi Zəngəzur bölgəsində keçirilən bu Zirvə görüşü yalnız siyasi hadisə deyil, həm də rəmzi məna daşıyır. Bu mərasim, qardaş ölkələrin birlik və həmrəyliyini azad torpaqlarda qeyd etməsi Azərbaycanın suverenliyinin qəbul edilməsi, onun ərazi bütövlüyünə hörmət göstərilməsi və regionda yeni geosiyasi reallıqların qəbul olunması deməkdir.
Belə görüşlər bir daha sübut edir ki, Azərbaycan-Türkiyə-Pakistan münasibətləri təkcə siyasi və diplomatik çərçivədə deyil, eyni zamanda humanitar, iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində də yüksək inkişaf dinamikasına malikdir. Xüsusilə “Üç Qardaş” hərbi təlimləri, ortaq layihələr və təhsil, elm sahəsindəki əməkdaşlıq formatları gələcək üçün strateji platforma rolunu oynayır. Azərbaycanın təşəbbüsləri ilə formalaşan regional layihələr qardaş ölkələrin qarşılıqlı inteqrasiyasını və iqtisadi əlaqələrinin güclənməsini təmin edən əsas amillərdən biridir.
Bu layihələr regionda sülh və əməkdaşlığın dərinləşməsinə xidmət etməklə yanaşı, Azərbaycan-Türkiyə-Pakistan üçbucağını qlobal miqyasda strateji güc mərkəzinə çevirir.
Azərbaycan xalqı üçün böyük rəmzi əhəmiyyət daşıyan bu görüşlər və tədbirlər sübut edir ki, gələcəyin güclü və davamlı ittifaqları tarixi bağlar, ortaq mənəvi dəyərlər üzərində qurulmalıdır.
Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan bu ittifaq – sadəcə birgə maraqların deyil, ortaq ruhun və ortaq taleyin ittifaqıdır. Bu müqəddəs birliyin qorunması, gücləndirilməsi və gələcək nəsillərə ötürülməsi hər üç ölkənin siyasi liderliyinin və xalqlarının qarşısında duran əsas vəzifələrdən biridir. Çünki bu birlik, yalnız bu üç dövlətin deyil, bütün regionun sabitliyi və inkişafı üçün əvəzolunmaz töhfə verir.
Ataş Əsədov
Neftçala rayonu





