Möhtərəm Prezident cənab İham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu bir daha nümayiş etdirdi.
Ölkə başçısı cənab İlham Əliyevin cari ilin yanvar ayında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Çinin nüfuzlu CGTN telekanalına verdiyi geniş müsahibə Azərbaycanın xarici siyasətinin bir çox məqamlarına aydınlıq gətirilməsi baxımından çox əhəmiyyətli idi. Cənab Prezident müsahibəsində Azərbaycanın son illərdə qazandığı uğurları, regional və qlobal siyasətdəki rolunu, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətlərini dünya ictimaiyyətinə ətraflı şəkildə izah etdi. Məlum olduğu kimi Davos Forumu dünyanın ən nüfuzlu iqtisadi platformalarından biri kimi tanınır. Möhtərəm Prezident müsahibəsində Azərbaycanın iqtisadi uğurlarından danışaraq, ölkənin dayanıqlı iqtisadi siyasət həyata keçirdiyini və bu siyasətin ölkənin müstəqil inkişafını təmin etdiyini bildirdi.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun son illərdə sürətlə inkişaf etdiyini, ölkənin yeni texnologiyaların tətbiqinə, innovasiya və rəqəmsal transformasiya sahələrinə böyük diqqət ayırdığnı, enerji sektorundakı uğurların sayəsində ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edən cənab İlham Əliyev yaşıl enerjiyə keçid prosesinin də sürətləndirilməsi məqsədilə bərpa olunan enerji mənbələrinə böyük sərmayələr qoyulduğunu vurğuladı. Cənab Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycan və Çin arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinə də xüsusi yer ayırdı.
İki ölkə arasında iqtisadi və siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın qarşılıqlı inam və hörmət prinsiplərinə əsaslandığnı bildirdi. Azərbaycanın Çinlə ticarət və nəqliyyat sahələrində uğurlu layihələr həyata keçiridiyini, xüsusilə, “Bir Kəmər, Bir Yol” təşəbbüsündə fəal iştirakımızın ölkənin tranzit potensialını artırdığını və regionun iqtisadi inkişafına töhfə verdiyini diqqətə çatdırdı.
İlham Əliyevin Davosda CGTN telekanalına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu bir daha nümayiş etdirdi. Dünya bir daha gördü ki, Azərbaycan öz suveren siyasətini uğurla həyata keçirərək regionda sülh və sabitliyin təminatçısına çevrilib. Bu müsahibə Azərbaycanın gələcək inkişaf strategiyasını və qlobal siyasətdəki yerini daha aydın şəkildə təqdim etdi.
Billurə Mahmudova;
Neftçala rayonu, həkim





