Azərbaycanın avtomobil bazarında son illərin trendinin Çin avtomobilləri olduğunu desək, yanılmarıq. 2014-cü ildən yerli bazarımıza girən Çinin avtomobil markalarına məxsus avtomobillər öz gözəl görünüşü və büdcəyə uyğun qiyməti ilə diqqətləri üzərinə çəkir. Di gəl ki, hələ də vətəndaşlarımız bu avtomobilləri almağa tərəddüd edir, onların keyfiyyətinə, dayanıqlılığına etibar etmirlər.
Vətəndaşlarımızın Çin avtomobillərini almağa “ürək etməməsi”nin əsas səbəblərindən biri odur ki, onlar Azərbaycanda bu avtomobillərinin yaxşı ustalarının olmadığını güman edirlər. Məlumdur ki, Çin avtomobilləri kifayət qədər rəqəmsal komplektasiyaya və elektronika sistemlərinə malikdir. Elə vətəndaşlarımızı tərəddüdə salan da məhz budur. Çoxları düşünür ki, Çin avtomobili alsalar, müasir standartlara uyğun təchiz edilən bu elektronika sistemlərində bir nasazlıq yaranarsa, yerli elektriklərimiz onu aradan qaldıra bilməyəcək.
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) nümayəndəsi, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev “Report”a açıqlamasında bu şübhələrin gərəksiz olduğunu bildirib.
Bütün modellərin rəsmi servis mərkəzi var
Onun sözlərinə görə, artıq ölkəmizə avtomobil gətirən bütün rəsmi dilerlər avtomobillərin satışından sonrakı mərhələləri də düşünür: “Bunun üçün həmin dilerlərdə satış sonrası departamentlər fəaliyyət göstərir. Bu departamentlər avtomobil üçün servis xidmətinin göstərilməsini, ehtiyat hissələrinin tədarükünü təmin edir. Əminliklə deyə bilərəm ki, hazırda bizim bazarda rəsmi dilerlərin hamısının servis mərkəzləri və ehtiyat hissəsi anbarları mövcuddur. Bu dilerlərdən avtomobil almağa dəyər. Onların satış sonrası departmentləri satışdan sonra müştərilərə xidmət göstərirlər”.
Çin avtomobillərinin qiyməti münasibdir
Azərbaycanda Çinin faktiki olaraq 10 avtomobil brendi var. Son iki ildə Çinin 6-7 avtomobil markası Azərbaycan bazarına daxil oldu və ya yenidən bu bazara gəldi. Elə markalar var idi ki, əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərsə də, 2015-ci ildən fəaliyyətini dayandırmışdı. E.Əliyevin sözlərinə görə, onlar yenidən burda fəaliyyətə başladılar.
“Bazarımız avtomobil sektoru üçün kiçik bazar sayılır. Amma vətəndaşlarımızın avtomobilə olan marağı bu avtomobillərin ölkəmizdə satılmasına gətirib çıxarıb. Qiymətlərinin münasib olması vətəndaşlarımızı Çin avtomobillərinə yönləndirir. Son zamanlar Çin avtomobillərinin dizaynları gözqamaşdırıcı olur ki, bu səbəbdən də onlara tələbat artır”, – ekspert hesab edir.
Rəsmi servislərdə savadlı ustalar var
O hesab edir ki, son illər tək Çin avtomobillərində deyil, digər ölkələrdə də istehsal olunan avtomobillərdə dizayna və elektronika sisteminə daha çox önəm verilir:
“Sözsüz ki, iş olan yerdə həmişə problem də ola bilər. Gündəlik istifadə etdiyimiz ən bahalı smartfonlarda belə hansısa problem yaranır və biz onu aradan qaldırırıq. Bu məsələni böyütmək düzgün deyil. Müşahidələrimiz göstərir ki, Çin avtomobillərinin elektronika sistemlərində elə də böyük problemlər olmur. Olarsa da, bizdə bunu aradan qaldıra biləcək ustalar var. Bütün servislərdə fəaliyyət göstərən elektriklər istehsalçı zavodlarda təlim keçmiş şəxslərdir. Servisdə çalışan ən azı üç ustadan biri rəsmi servisdə təlim keçib. Günümüzdə servislərdə istehsalçı zavodun nümayəndələri də olur ki, yarana biləəcək problemləri aradan qaldırsınlar”.
Bir həqiqət də var ki, Azərbaycanda avtomobil sahiblərinin heç də hamısı ehtiyat hissəsi almaq və ya maşınını təmir etdirmək üçün rəsmi servislərə müraciət etmir. Çox adam hansısa ehtiyat hissəsini tapmaq üçün “ölüxana” adlanan yerlərə gedir, avtomobilini təmir etdirmək üçün fərdi fəaliyyət göstərən ustalara üz tutur. Çünki bu yerlərdə qiymət rəsmi servisdəki qiymətlərdən kifayət qədər ucuz olur. Çin avtomobillərinin ehtiyat hissələrini isə bu “ölüxana”larda tapmaq olmur. Fərdi fəaliyyət göstərən ustalara da bu avtomobillərin təmirini tam etibar etmək olmur.
Müsahibimiz isə vətəndaşlarımızı avtomobillərinin ehtiyat hissəsi və təmiri üçün “ölüxana”lara, fərdi ustalara deyil, rəsmi servislərə üz tutmağa çağırıb.

