Azərbaycanda mikromaliyyə sektorunun inkişafı üçün 5 əsas istiqamət açıqlanıb

Senedmaliyyerisksogprtavergisened 6a75cf5021228

Azərbaycanda mikromaliyyə sektorunun gələcək inkişafında maliyyə inklüzivliyinin gücləndirilməsi, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi və rəqəmsallaşma əsas prioritetlər sırasında olacaq.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarəetmə Şurasının sədri Cəlal Əliyev “Mikromaliyyədə investisiya və dayanıqlı inkişaf” mövzusunda keçirilən XII Azərbaycan Mikromaliyyə Konfransında bildirib.

Onun sözlərinə görə, mikromaliyyə sektorunun gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından strateji çərçivə sənədinin hazırlanması mühüm əhəmiyyət daşıyır.

C. Əliyev sektorun inkişafında beş əsas istiqaməti fərqləndirib. Bunlar maliyyə inklüzivliyinin gücləndirilməsi, institusional dayanıqlılığın artırılması, uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi, rəqəmsallaşma və məlumat infrastrukturunun inkişafı, eləcə də sosial və ekoloji təsirlərin qiymətləndirilməsidir.

O qeyd edib ki, son illərdə Azərbaycan Mərkəzi Bankı tərəfindən bank olmayan kredit təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, korporativ idarəetmənin gücləndirilməsi və normativ bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Assosiasiya sədri müştəri hüquqlarının qorunması, kredit şərtlərinin şəffaflığı və borcalanların ödəmə qabiliyyətinin düzgün qiymətləndirilməsinin vacibliyini də vurğulayıb.

C. Əliyevin sözlərinə görə, mikromaliyyə təşkilatlarının fəaliyyəti yalnız maliyyə göstəriciləri ilə deyil, maliyyələşdirilən bizneslərin inkişafı və müştərilərin maliyyə dayanıqlılığına təsiri ilə də qiymətləndirilməlidir.

O, həmçinin yaşıl maliyyələşdirmə, alternativ enerji, enerji səmərəliliyi və iqlim dəyişikliklərinə uyğunlaşma layihələrinin dəstəklənməsinin perspektivli istiqamətlər olduğunu bildirib.

Assosiasiya sədri Azərbaycanda mikromaliyyə sektoruna maraq göstərən investorlarla əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

“25 il ərzində topladığımız təcrübəni sektorun qarşıdakı inkişaf mərhələsinə yönəltmək niyyətindəyik”, – deyə C. Əliyev bildirib.

O əlavə edib ki, AMFA yeni investisiya əlaqələrinin qurulmasına, beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə və sektor iştirakçıları arasında bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə dəstək verməyə hazırdır.