Azərbaycanın növbəti möhtəşəm diplomatik qələbəsi

7ba6d33c164570019134647584410064710.jpg

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli formatda keçirilən görüş, Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi tarixə həkk oldu. Hazırda regionumuzda sabitliyin və təhlükəsizliyin təmin olunması, Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın sülh gündəliyinin mərkəzində dayanır. Azərbaycanın “Avropa siyasi birliyi” Zirvə Toplantısına dəvət olunması ölkəmizin dünyada və Avropada getdikcə artan nüfuzundan xəbər verir. Praqa səfərinin önəmli nəticələri dövlət başçımızın bu səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlıdır. Prezident İlham Əliyevin Praqa səfəri həm Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə yüksəlməsi, həm də sülh prosesində irəliləyişlərin əldə olunması baxımdan əhəmiyyətli oldu. Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal əməkdaşlıq aparılır, əlaqələr mahiyyətcə yeni müstəviyə çıxır və qarşılıqlı etimad artır. Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında konstruktiv dialoq mövcuddur və bu əlaqələr şaxələndirilmiş xarakter alıb. Elə bu səbəbdəndir ki, Avropa İttifaqı və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir və Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Görüş zamanı dünya növbəti dəfə Prezident İlham Əliyevin yüksək liderlik və siyasi bacarığına, müdrikliyinə, uzaqgörənliyinə, qətiyyətinə şahidlik etdi. Eyni zamanda bütün dünya növbəti dəfə Azərbaycan Türkiyə qardaşlığına, birliyinə şahid oldu. 5 saatdan çox davam edən və gərgin müzakirələr şəraitində keçən danışıqların nəticəsi olaraq Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını elan etdi. Beləliklə, Ermənistan Azərbaycanın suverenliyini tanımaqla ölkəmizin Qarabağ üzərində hakimiyyətini tanımış olur. Bu Prezident İlham Əliyevin Azərbaycan adına əldə etdiyi növbəti möhtəşəm diplomatik qələbədir.İkinci bir tərəfdən, isə artıq sərhədlərin delimitasiyası ilə bağlı da razılıq əldə olunub.

Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Müharibə zamanı bütün dünya Prezident İlham Əliyevi təkcə Ali Baş Komandan kimi atdığı qətiyyətli addımarla deyil, eləcə də informasiya cəbhəsindəki uğurlu mübarizəsi ilə tanıdı. Məsələ bundadır ki, əslində Azərbaycan-Avropa münasibətlərində dönüş Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra baş verdi.

Təbii ki, Azərbaycanın təşəbbüsü və səyləri ilə başlayan sülh prosesinin irəliyə getməsi beynəlxalq birliyin də marağındadır. Ermənistanda üçtərəfli Bəyanatın, Brüssel və Soçi razılaşmalarının şərtlərinin pozulmasına yönəlik cəhdlər həm hakimiyyət dairələrindən, həm də müxalifət qüvvələrindən gəlir. Azərbaycan üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizinə alternativ marşrutun yaradılmasını cəmi bir il yarıma tamamladı. Ermənistan isə bəhs olunan marşrutun onun ərazisindən keçən kiçik bir hissəsinin inşasına yalnız Azərbaycanın qəti xəbərdarlığından sonra start verdi. Üçtərəfli Bəyanatda Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvan arasında kommunikasiyaların bərpasına aid müddəa var. Sənəddə bu marşrutla maneəsiz keçid nəzərdə tutulub. Ancaq üçtərəfli Bəyanatın imzalanmasından sonra iki ilə yaxın vaxt ötsə də, Ermənistan Zəngəzur dəhlizi adını alan bu marşrutun yaradılması istiqamətində hər hansı bir addım atmayıb.

Çexiyada keçirilmiş görüşlərin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanat və bununla da suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış olub. Bütövlükdə isə Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olunub. Beş saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olunub və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alınıb. Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Eyni zamanda Praqa görüşü bütün Azərbaycanlılara böyük qürur hissi yaşatdı. Bir daha hər bir Azərbaycanlı cənab İlham Əliyev kimi ölkə rəhbəri və Qalib Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün fəxr edir, qürur duyur.

Ayaz Cəbrayılov,

Yeni Azərbyacan Partiyası Kürdəmir rayon təşkilatının sədri