“Azinvest Telecom Technology” milyonluq məhkəmə çəkişməsini UDUZDU

Vfyg5owiyvjt5rhz5tu5oxbxqxxyzbqyjg1euamr 6afad0e595e86

“İnterkabel” firmasının “Azinvest Telecom Technology” MMC-yə qarşı 1 milyondan artıq iddiası ilə bağlı məhkəmə qərarı yekunlaşıb.

Söhbət iki şirkət arasında fiberoptik kabellərin alqı-satqısı ilə bağlı yaranmış borc mübahisəsindən gedir.

İş materiallarına əsasən, “İnterkabel” firması ilə sifarişçi “Azinvest Telecom Technology” MMC arasında 2022-ci ildə alqı-satqı müqaviləsi bağlanıb. Müqaviləyə görə, icraçı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən malları və işləri müəyyən edilmiş şərtlər əsasında sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin malları qəbul etməyi və onların dəyərini ödəməyi öhdəsinə götürüb.

Daha sonra tərəflər arasında müxtəlif tarixlərdə qiymətlərin razılaşdırılması barədə protokollar da imzalanıb.

“İnterkabel” firması iddiada bildirib ki, müqavilə və ona əlavə edilmiş 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokollarına əsasən müxtəlif ölçülü fiberoptik kabellər “Azinvest Telecom Technology” MMC-yə təqdim edilib və şirkət tərəfindən qəbul olunub.

Lakin iddiaçının bildirdiyinə görə, təhvil verilmiş malların dəyərinin müəyyən hissəsi ödənilməyib.

“İnterkabel” firması məhkəməyə müraciət edərək 2025-ci ildə olan əsas borcun 955 126,45 manat, ƏDV borcunun isə 60 989,76 manat olduğunu qeyd edib.

Beləliklə, iddiaçıya görə, ümumi qalıq borc 1 016 116,20 manat təşkil edib.

Şirkət həmin borc məbləğinə əlavə olaraq faiz də tələb edib.

İddia ərizəsində 1 016 116,20 manat ödənilməmiş borc məbləğinə hesablanmış 31 189,73 manat faiz və iddia üzrə ödənilmiş 1 320 manat dövlət rüsumunun da cavabdehdən tutulması istənilib.

Ümumilikdə iddiaçı cavabdehdən 1 048 625,93 manat məbləğində vəsaitin tutulmasını xahiş edib.

“İnterkabel” firması bildirib ki, müqavilənin 10.1-ci bəndinə əsasən alınması nəzərdə tutulan malların dəyəri ən qısa müddətdə, lakin 30 bank günündən gec olmayaraq ödənilməli idi. Buna baxmayaraq, şirkətin sözlərinə görə, sonuncu dəfə müxtəlif ölçülü fiberoptik kabellərin dəyərinin yalnız 50 000 manatlıq hissəsi 2025-ci ildə ödənilib.

İddiaçı həmçinin qeyd edib ki, ödənilməmiş əsas məbləğ üzrə malların ƏDV-sinin 171 922,76 manatından 110 933,06 manat müəssisənin ƏDV sub-uçot hesabına köçürülüb. Nəticədə, iddiaçının hesablamasına görə, 955 126,45 manat əsas borc və 60 989,76 manat ƏDV olmaqla, ümumilikdə 1 016 116,20 manat borc ödənilməmiş qalıb.

“Azinvest Telecom Technology” MMC iddiaya etiraz edib. Cavabdeh qeyd edib ki, tərəflər arasında müqavilə mövcud olub, xidmətlər göstərilib və ödənişlər həyata keçirilib. Lakin şirkət tələb olunan borcun mövcudluğunun onun üçün şübhəli olduğunu və bu səbəbdən borcla razılaşmadığını bildirib.

MMC həmçinin ödənişlərdə yaranmış gecikmələrə görə tətbiq etdiyi və sildiyi cərimələrin də nəzərə alınmalı olduğunu qeyd edib.

Bakı Kommersiya Məhkəməsi iş üzrə tərəflərin təqdim etdiyi sübutları araşdırıb və ekspertiza tədqiqatı keçirilib. Məhkəmənin qətnaməsi ilə “İnterkabel” firmasının iddiası qismən təmin edilib. Qətnaməyə əsasən, “Azinvest Telecom Technology” MMC-dən 955 126,45 manat əsas borc, 60 989,76 manat ƏDV borcu, 30 906,89 manat faiz borcu tutularaq iddiaçının xeyrinə ödənilməli olub.

Bununla yanaşı, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 1 313,51 manat dövlət rüsumunun da cavabdehdən tutulması qərara alınıb.

İş üzrə keçirilmiş ekspertiza tədqiqatının 500 manatlıq dəyərinin isə “Azinvest Telecom Technology” MMC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməsi müəyyən edilib.

İddianın qalan hissəsi, o cümlədən faiz tələbinin təmin edilməyən hissəsi rədd olunub.

Qətnamə ilə razılaşmayan “Azinvest Telecom Technology” MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd olunmasını xahiş edib. Lakin Bakı Apellyasiya Məhkəməsi cavabdehin mövqeyini əsaslı hesab etməyib. Məhkəmənin qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyib, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb.

Bundan sonra MMC kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Cavabdeh apellyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edib.

Ali Məhkəməyə isə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşıb. Qərara əsasən, “Azinvest Telecom Technology” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

Beləliklə, “İnterkabel” firmasının xeyrinə “Azinvest Telecom Technology” MMC-dən 955 126,45 manat əsas borc, 60 989,76 manat ƏDV və 30 906,89 manat faiz olmaqla, ümumilikdə 1 047 023,10 manat vəsaitin tutulmasına dair qərar qüvvədə qalıb.

Qeyd edək ki, “İnterkabel” firması 1997-ci ildən ölkənin elektrotexniki bazarında fəaliyyət göstərir. Müxtəlif sahələr üçün kabel və məftil, transformator və elektrik məhsullarının topdan və pərakəndə satışını həyata keçirən şirkətin qanuni təmsilçi Babayev Ramil Arif oğlu, nizamnamə kapitalı isə, min manatdır. “İnterkabel” firması mütəmadi olaraq ölkədə iri həcmli dövlət tenderlərinin qalibi olur. Təkcə bu il şirkətin qalib olduğu tenderlərin ümumi dəyəri 6,8 milyon manatdan çox olub. Ötən il isə, bu göstərici 10,6 milyon manat təşkil edib

“Azinvest Telecom Technology” MMC 2017-ci ildə təsis edilib. Rabitə şəbəkələri infrastrukturunun layihələndirilməsi, tikintisi və istismarı sahəsində xidmətlər göstərən şirkətin qanuni təmsilçisi Abdullayev Vüqar Rafik oğlu, nizamnamə kapitalı isə, 202 min manatdır. (Plat)