Bakıda avtosalondan maşın qaçırılıb

B1adbde2 dc00 3213 842e 4b73346e7d3a 850.jpg

Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə paytaxtın Xətai və Nəsimi rayonları ərazisində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-i gecə saat 1 radələrində Xətai rayonunun Babək prospektində yerləşən avtosalonlardan birinin qarşısından “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Keçirilən operativ tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Maarif Əzizov saat 2 radələrində avtomobillə saxlanılıb.

Martın 27-i saat 8 radələrində Nəsimi rayonu ərazisindən “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Rəşad Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı Xətai və Nəsimi rayon polis idarələrində araşdırmalar aparılır.