Bakıda orta aylıq əməkhaqqı 13,5 faiz artıb

0c29c7dc166703488064029837310645077.jpg

2022-ci ilin yanvar-okyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64,4 milyard manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 86 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,7 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 noyabr 2022-ci il vəziyyətinə 516,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Bu dövrdə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 74,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 8,8 faizini əsaslı təmir, 5,5 faizini cari təmir, 11,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 91,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Yanvar-oktyabr aylarında Bakı şəhərinin ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,6 faiz artaraq 19 milyard 306,6 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 10 milyard 30,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,4 faiz artaraq 9 milyard 276,5 milyon manata bərabər olub. İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 44,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə paytaxtın ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 51,6 faiz artaraq 793,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 482,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 60,8 faizini təşkil edib.

Doqquz ayda, həmçinin əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,8 faiz artaraq 4 milyard 210,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 897,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 92,6 faizini təşkil edib.

Həmçinin 2022-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 faiz artaraq 1065,5 manat təşkil edib.