Zəfər diplomatiyası və milli birlik!

Zefer 6af41138e6db1

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə hərbi uğur olmaqla yanaşı, diplomatik və informasiya müstəvisində də mühüm nəticələrlə yadda qaldı. Uzun illər ərzində Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq münasibətlər sisteminin mürəkkəb problemlərindən biri kimi gündəmdə saxlanılmışdı. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə üstünlük versə də, beynəlxalq vasitəçilik mexanizmlərinin effektiv nəticə verməməsi problemin uzanmasına səbəb olmuşdu.

Xüsusilə ATƏT-in Minsk qrupunun uzunmüddətli fəaliyyəti işğalın aradan qaldırılmasına nail ola bilmədi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasız qalması beynəlxalq hüququn tətbiqində mövcud olan ikili standartları bir daha üzə çıxardı. Belə bir şəraitdə Azərbaycan həm diplomatik fəaliyyətini genişləndirdi, həm də özünün hərbi və iqtisadi potensialını gücləndirdi. Dövlət başçısı cənab İlham Əliyevin xarici siyasət strategiyası ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsinə yönəldi. Vətən müharibəsi dövründə dünyanın aparıcı media qurumlarına verilən müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Ölkə başçısının konkret faktlara əsaslanan çıxışları informasiya mübarizəsinin təsirli vasitəsinə çevrildi.

Bu fəaliyyət nəticəsində Azərbaycan yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya məkanında da öz mövqeyini qətiyyətlə müdafiə etdi. Digər mühüm amil ölkə daxilində formalaşmış milli birlik və siyasi həmrəylik idi. Müharibə dövründə müxtəlif siyasi qüvvələrin milli məsələlərdə ortaq mövqe nümayiş etdirməsi dövlətçilik maraqlarının siyasi fərqlərdən üstün tutulduğunu göstərdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının vahid məqsəd ətrafında birləşməsi milli həmrəyliyin gücünü nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların informasiya mübarizəsində fəallıq göstərməsi də bu birliyin beynəlxalq miqyasda təzahürü oldu.

Zəfərdən sonra Azərbaycanın diplomatik gündəliyində sülh və regional əməkdaşlıq məsələləri ön plana çıxdı. 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş üçtərəfli sammit və imzalanmış Birgə Bəyannamə normallaşma prosesində mühüm mərhələ kimi qiymətləndirilə bilər. Sülh sazişi layihəsinin paraflanması və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı razılaşmalar regionun gələcək inkişafı baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı prinsiplərin qorunması davamlı sülhün əsas şərtlərindən biri olaraq qalır. ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının 2025-ci ilin noyabrında fəaliyyətini başa çatdırması uzun illər davam edən münaqişə mərhələsinin diplomatik baxımdan da bağlanmasını ifadə edən hadisələrdəndir. Azərbaycanın məqsədi əldə etdiyi tarixi üstünlüyü regionda davamlı sülhə, təhlükəsizliyə və qarşılıqlı əməkdaşlığa çevirməkdir. Bu baxımdan Zəfər diplomatiyası milli maraqların qətiyyətlə müdafiəsi ilə yanaşı, gələcəyə yönəlmiş konstruktiv siyasətin də nümunəsidir.

 Namiq Məmmədov

Neftçala rayonu