Gələcəkdə dolların təsirinin zəifləməsi dünyanın bəzi ölkələri üçün faydalı ola bilər.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Nəşr qeyd edir ki, dollar dünyanın ehtiyat valyutası statusunu itirməsə də, Şərqi Avropa və Cənubi Amerikada enerji idxal edən ölkələr bu valyutanın zəifləməsindən faydalana bilər.
Koronavirus pandemiyası zamanı başlayan müxtəlif iqtisadi çətinliklər fonunda FED-in (Federal Ehtiyat Sistemi) pul siyasətini dəyişməsi ilə son bir il ərzində dollar ciddi şəkildə zəifləyib. Mövcud vəziyyət onun ehtiyat valyuta mövqeyinə heç bir təsir etməsə də, dollar zəifləməsindən digər ölkələr müəyyən fayda əldə edəcəklər.
Ekspertlər hesab edir ki, dolların zəifləməsindən ən çox Şərqi Avropa və Cənubi Amerika ölkələri faydalanacaq. Amerika valyutası zəiflədiyi halda, yerli valyutalar güclənir. Yerli valyutanın məzənnələrində ən çox artım enerji idxal edən ölkələrdə müşahidə olunub.
Məqalə müəlliflərinin fikrincə, 2021-ci ildə dolların məzənnəsinin kəskin artması inkişaf etməkdə olan ölkələr üçün bir çox problemlər yaradıb, çünki yerli mərkəzi banklar öz valyutalarının zəifləməsinin qarşısını almaq üçün faiz dərəcələrini kəskin artırmaq məcburiyyətində qalıblar.



