Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri ola Qarabağımız min illər boyu əcdadlarımızın yaşadığı, qurub yartdığı yurdumuz olaraq hər zaman ölkəmizə, dünyaya şəxsiyyətlər, qəhrəman insanlar bəxş etmişdir.
Həqiqətən də doğma Qarabağımızın hər guşəsi gözəldir, özünəməxsusdur. Bu mənada bir zamanlar Qafqazın ən gözəl şəhərlərindən biri hesab edilən Ağdamı xüsusi vurğulamaq lazımdır. Tarixə nəzər salsaq görərik ki, XVIII əsrin birinci yarısında Qarabağ xanlığının əsasını qoyan Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirib. Həmin tikili uzaqdan diqqəti cəlb edən bəyaz görkəmi ilə gəlib-gedənlərə bələdçilik edib. Ağdam rayonu inzibati vahid kimi 1930-cu ildə yaradılıb. Təəssüf hissi ilə deyək ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən mənfur qonşularımızın tarixi və suveren torpaqlarımıza qarşı başlatdıqları aktiv işğal ritorikası tarixi Ağdamnan da yan keçmədi. Ard-arda işğal edilən şəhər və rayonlarımızın cərgəsinə Ağdam da qoşuldu. 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən xəyanətkar qiyamlar planlı şəkildə həyata keçirilirdi. Məhz bu xain planların mərkəzində düşmən dəyirmanına su tökmək, ölkəni tamamilə məhv etmək məqsədi dururdu.
Həmin hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girsələr də heç bir kömək almadıqları üçün müdafiəni təşkil edə bilmədilər. Özünümüdafiə batalyonlarının döyüşçüləri iyul ayının 23-də geri çəkilməyə məcbur oldu. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri işğal altına düşdü. İşğalçı, vandal erməni silahlı birləşmələri tarixdə görünməmiş vandalizmə əl atdılar. Ağdam I Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Qeyd edək ki, həmin vaxt Azərbaycan xalqının təkidli tələbi ilə Naxçıvandan Bakıya gələrək, Ölkənin çox ağır vəziyyətində siyasi hakimiyyəti, belə demək olarsa çətin və şərəfli məsuliyyəti üzərinə götürən Ümummilli lider Heydər Əliyev bütün imkanlarını səfərbər edərək rayonun tamamilə işğalına imkan vermədi. Məhz onun dahiyənə, müdrük siyasəti nəticəsində dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. İdarə, müəssisə və təsərrüfatların fəaliyyəti bərpa edildi, iqtisadiyyat dirçəldi, digər yerlərdə məskunlaşmış ağdamlıların rayonla hərtərəfli əlaqəsi sahmana salındı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər. Ulu Öndərin siyasi kursunu uğurla davam və inkişaf etdirən Müzəffər Prezidentimiz cənab İlham Əliyev isə Ölkə Prezidenti seçildikdən sonra Ağdama göstərilən qayğının hüdudlarını xeyli genişləndirdi. Dövlətimizin başçısı bu rayona hər gəlişində zaman gələcək biz bütün işğal altında olan torpaqlarımıza qayıdacağıq deyərək, müdrük, düşünülmüş, məqsədyönlü siyasəti ilə o günü hər ötən gün yaxınlaşdırdı.
Bəli, məhz Ali Baş Komandanın əmri ilə qəhrəman Azərbaycan oğulları Ermənistanı döyüş meydanında cəmi 44 günə məhv etdi. Azərbaycan öz gücünü, öz qüdrətini döyüş meydanında göstərdi. Ağır məğlubiyyətə dözməyərək noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atılmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı. Ölkə başçısının dərin siyasi düşüncəsi, qətiyyəti sayəsində Azərbaycan bayrağı Ağdam səmasında da dalğlandırıldı. Hərçənd ki, müharibədən sonra Ağdamda gördüklərimiz bizlərə hədsiz məyusluq yaşatdı. Mənfur düşmən özünə xas şəkildə 27 il ərzində bu gözəl şəhəri xarabalığa çevirmişdi. Lakin Ağdamın azad ruhu bizlərdə böyük inam yaratdı.
Möhtərəm Prezidentimizin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr tarixinin Ağdam şəhəri günü kimi müəyyən edilməsi Ağdamın bir zamanlar qaranlığa çevrilmiş tarixinə işıq saçdı. Bundan sonra xalqımız hər il 20 noyabr tarixini Ağdam Şəhəri Günü kimi qeyd edəcək, Ağdamın azadlıqdan sonra yenidən qurulmasına, inkişaf etməsinə sevinəcək. Bu gün bütün işğaldan azad edillmiş yurdlarımız kimi, Ağdamda da həyata keçirilən işlər, reallaşdırılan layihələr bizlərdə böyük qürur hissi oyadır.
Anar Güllərli;
Neftçala rayonu





