Bu ölkədə dünyanın ən uzun “birbaşa” aviareysi açılır

Teyyare

Çinin milli aviadaşıyıcısı China Eastern Airlines Şanxay və Argentinanın paytaxtı Buenos Ayres arasında yeni aviareys açır. Şirkət bu marşrutu “dünyanın ən uzun birbaşa uçuşu” kimi təqdim edir.

Valyuta.az xəbər verir ki, yeni reys 4 dekabr 2025-ci ildən etibarən həftədə iki dəfə həyata keçiriləcək və Boeing 777-300ER təyyarələri ilə icra olunacaq.

Uçuş müddəti

Şanxaydan yola düşən təyyarə 25,5 saata Buenos Ayresə çatacaq. Geri dönüş isə daha uzun – 29 saat davam edəcək. Hər iki istiqamətdə Yeni Zelandiyanın Oklend şəhərində iki saatlıq fasilə olacaq. Bu səbəbdən reys “birbaşa” sayılsa da, tamamilə fasiləsiz (nonstop) deyil.

“China Eastern” bu uçuşu dünyanın ilk kommersiya reysi kimi təqdim edir ki, antipod şəhərləri – yəni Yer kürəsinin əks qütblərində yerləşən məntəqələri birləşdirəcək. Marşrut qeyri-adi cənub xətti ilə, Antarktida yaxınlığından keçməklə icra olunacaq və bu, ümumi uçuş vaxtını təxminən 4 saat azaldacaq.

Şirkət bunu Asiya-Sakit okean regionu ilə Cənubi Amerika arasında yeni “Hava İpək Yolu” dəhlizi kimi dəyərləndirir.