Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 4 il ötür.
Ötən il iyulun 31-də Müzəffər Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bu sərəncamla artıq ikinci ildir ki, otuz ilə yaxın müddətdə işğal altında qalmış, lakin bu gün azadlığının sevincini yaşayan şəhərlərimizin azad edildikləri günlər böyük coşqu və qürur hissi ilə qeyd edilir. Bu tarixlərdən biri də 4 oktyabr tarixidir. Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. 2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad olunduğunu elan etdi. Parlaq Zəfər qazandığımız Vətən müharibəsinin başlanması və ondan sonrakı günlərdə əldə edilən qələbələrin hər biri Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. 30 il ərzində düşmən işğalında olan və işğal illəri ərzində müxtəlif müdafiə sistemləri qurulmuş torpaqları 44 gündə düşməndən azad etmək misli görünməmiş hadisə idi. Cəbrayıl şəhəri müharibə ərzində işğaldan azad olunan ilk böyük yaşayış məntəqəmiz olduğu üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da cənab Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər etdilər. Tarixi səfər çərçivəsində ölkə başçımız bildirdi ki, ən qısa zamanda Cəbrayıl rayonu üçün yeni böyük baş plan tərtib ediləcək, burada bütün inzibati-ictimai binalar, məktəblər, tibb ocaqları, bütün infrastruktur yaradılacaq, küçələr, parklar, xiyabanlar salınacaqdır. Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. Bizlər bu günlərdə bir qrup cəbrayıllının əbədi olaraq öz dogma yurdlarına qayıdışının şahidi olduq. Bu gün Cəbrayıl rayonunda aparılan yenidnqurma işləri hər birimizi sevindirir, qürurlandırır.
Bəxtiyar Əliyev;
Neftçala rayonu





