Dünya Alpaqut Federasiyası ilə xüsusi əməkdaşlıq protokolu imzalandı

1000374493

Bursa Uludağ Universiteti (BUÜ) ilə Dünya Alpaqut Federasiyası (DAF) arasında türklərin tarixi döyüş ruhunu müasir idman formasına çevirən Alpaqut döyüş sənətini elmi və akademik əsaslarla dəstəkləmək məqsədilə genişmiqyaslı əməkdaşlıq sazişi imzalanıb.

İmza mərasimində çıxış edən BUÜ rektor müavini professor doktor İrfan Kırışçıoğlu bu razılaşmanın məqsədinin idmanı elmin işığında inkişaf etdirmək, gənc idmançılara beynəlxalq səviyyədə yeni imkanlar yaratmaq və Alpaqutun mədəni kimliyini elmi əsaslarla gücləndirmək olduğunu bildirib. Onun sözlərinə görə, bu cür yarışlar həm idmanın, həm də universitetin tanıdılmasına mühüm töhfə verəcək.

Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvü Yunus Arabacı isə Alpaqutun həm tarixi, həm də mədəni bir döyüş sənəti olduğunu vurğulayaraq, Azərbaycanın və Türkiyənin bu sahədə öncül rol oynamasının vacibliyini qeyd edib. O deyib ki, Alpaqut Orta Asiya köklərinə söykənən, intizam, əxlaq və mübarizə ruhuna əsaslanan bir idman növüdür və bu əməkdaşlıq sayəsində onun beynəlxalq arenada haqlı yerini tapacağına inanır.

BUÜ İdman Elmləri Fakültəsinin dekanı professor doktor Ramiz Arabacı isə əməkdaşlıq çərçivəsində dekabrın 3-dən 7-dək universitetin idman zalında 20-yə yaxın ölkənin iştirakı ilə 5-ci Alpaqut Dünya Çempionatının keçiriləcəyini açıqlayıb. O bildirib ki, bu tədbir universitetin beynəlxalq nüfuzuna və türk dünyası ölkələri ilə əlaqələrin inkişafına əhəmiyyətli təsir göstərəcək.