Əhalinin neçə növ vaksin seçimi var?

A63fc8c5161372108767917883410728612.jpg

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634-dür

Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər ucbatından həyatını itirir, uşaqlarına, valideynlərinə və məsuliyyət daşıdığı insanlar qarşısında öz öhdəliklərini yerinə yetirə bilmir.

İmmun sistemi vaksini antigen kimi qəbul edir və virusa qarşı anticisimlər yaradır. Orqanizm artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Bütün kliniki yoxlamalar göstərir ki, vaksinin 10 minlərlə insana tətbiqi zamanı bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnib.

Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada mövcuddur. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır.

Çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən milyonlarla insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25-30%-i vəba xəstəliyindən ölüb. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-nə yoluxub və 20 ilə 50 milyon insanın ölümünə səbəb olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb.

COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.), insanların gündəlik həyatında sosial fəallıq artacaq. Peyvənd milyonlarla insan ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarındanən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.

Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin olunanlar hesabına yaranır. Hazırda Azərbaycanda “CoronaVac”, “Pfizer-BioNTech”, “AstraZeneca” və “Sputnik V” vaksinləri tətbiq olunur. Azərbaycanda martın 9-na qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 176 min 634, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 309 min 703, ikinci mərhələ üzrə 4 milyon 796 min 500, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 855 min 817, pozitiv nəticədən sonra “Buster” doza vaksinlərin sayı 214 min 614-dür.

Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. İnanırıq ki, vaksinasiya prosesində də belə olacaqdır.