Əminliklə demək olar ki, COP29 beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir

Cop29a.jpg

COP29-da ən mühüm yeniliklərdən biri İtki və Zərər Fondu ilə bağlı oldu. Sözügedən Fond gələn ildən fəaliyyətə başlayacaq ki, bu da öz növbəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin iqlim dəyişmələrinə qarşı mübarizəsində həyati əhəmiyyət kəsb edəcəkdir. Artıq hər kəsə məlumdur ki, iqlim dəyişmələrinin nəticələri kiçik ada dövlətləri üçün ölüm-dirim həddinə çatıb. Bu səbəbdən həmin ölkələrə problemin öhdəsindən gəlmək üçün xüsusilə maliyyə yardımının göstərilməsi müstəsna önəmə malikdir.

Bu faktdır ki, kiçik ada dövlətlərinin iqlim böhranı ilə bağlı üzləşdikləri problemlərin həlli istiqamətində müvafiq fəaliyyətin həyata keçirilməsi Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən edilmişdi. Azərbaycanın xüsusi səyləri nəticəsində İtki və Zərər Fondu artıq gələn ildən kiçik ada dövlətlərinə iqlim böhranına qarşı mübarizə üçün vəsaitlərin ödənilməsinə başlayacaqdır.

İtki və Zərər Fonduna donor ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. COP29-un İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü, COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü, İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, COP29 Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsi, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi, enerji üzrə öhdəliklər və bəyanatlar, həmçinin digər razılıqlar dünya ölkələrinin ambisiyalı iqlim fəaliyyətinin həyata keçirilməsini dəstəkləyəcək.

Elə bu səbəbdən COP29-un yekunları dünyada yüksək qiymətləndirilir, Azərbaycanın liderliyi ilə iqlim böhranına qarşı mübarizədə yeni bir mərhələnin başlanmasına əlverişli zəmin yaradır. Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədiyini və bunun nəticəsində dünyanən tarixi Bakı nailiyyətinə şahid olduğunu qeyd edərək, COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi adlandırmışdır.

Emin Mehdiyev;
Neftçala rayonu