Ermənistan da Zəngəzur dəhlizinə region ölkələrinin tranzit potensialını yüksəldən layihə kimi yanaşmalıdır

Konul5.jpg

44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra rəsmi Bakı sülh təklifini irəli sürərkən də bəyan etmişdi ki, Zəngəzur dəhlizi sülhün fundamental elementidir. Yəni, əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq. Bu, əslində şərtdən daha çox reallıqdır. Azərbaycanın qalib ölkə kimi bunu tələb etməyə haqqı var.

Prezident İlham Əliyev bir neçə gün əvvəl nəqliyyat məsələləri ilə bağlı müşavirədə bir daha bəyan etdi ki, biz Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atırıq. Amma Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistanın baş naziri hər nə qədər “region ölkələri arasında sülh və dialoqun yollar olmadan mümkünsüzlüyü”nü dilə gətirsə də onun bu məsələdə də səmimi olmadığı aydındır.

Ermənistanın guya buna alternativ olaraq ortaya atdığı “Sülh kəsişməsi” fərziyyəsinə gəlincə, cənab Prezidentin də bəyan etdiyi kimi, “bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur”. Yəni, Ermənistan bu layihənin işlək olmasını istəyirsə, mütləq Azərbaycan tərəfinə müraciət etməlidir. Amma görünən budur ki, Ermənistan vaxt uzatmaq məqsədilə müxtəlif manipulyativ gedişlər edir, amma bunun heç bir nəticəsi olmayacaq.
Ermənistan dalan ölkə kimi davam etmək istəyirsə, artıq burada şərhə yer qalmır.
Yəni, bu məsələni məqsədli şəkildə ərazi iddiası müstəvisinə qaldırmaq istəyənlərin də cəhdləri boşa çıxacaq. Dövlət başçımız bir daha xəbərdar etdi ki, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Ermənistan özündə siyasi iradə tapmadığına görə bütün layihələrin kənar güclərin diktəsi altında reallaşmasında maraqlıdır. Amma Azərbaycan Prezidenti hər zaman bəyan edib ki, biz heç bir xarici aktorun öz standartlarını və iradəsini hökumətimizə, xalqımıza diktə etməsinə imkan verməyəcəyik. Bu mesaj beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən platformalarda da səslənib. Yəni, Zəngəzur dəhlizi üzərindən təzyiq cəhdlərinin nəticəsi olmayacaq. Burada əsas söz sahibi Azərbaycandır.

Ermənistan da dərk etməlidir ki, Zəngəzur dəhlizi bütün region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır.

Millət vəkili Könül Nurullayeva