Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən xarici siyasət sayəsində Azərbaycan Respublikasının beynəlxalq nüfuzu ötən hər gün daha da artmaqdadır. Artıq ölkəmiz nüfuzlu təşkilatlara təkcə üzv olmaqla kifayətlənmir, eyni zamanda təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq təşəbbüslərdə və çağırışlarda aktiv iştirak edir. Üzv dövlətlərin sayına görə dünyada ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına məhz ölkəmizin sədrlik etməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun çox yüksək olduğunu bir daha sübuta yetirir. Ölkəmizin öz imkanlarından istifadə edərək beynəlxalq miqyasda təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, ölkələr və xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə ardıcıl töhfələr verməsi dünya dövlətləri tərəfindən çox yüksək qiymətləndirilir.
Ölkə başçımız Cənab İlham Əliyev 5 iyul 2023-cü il tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun, “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündəki çıxışında Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunması ilə bağlı ədalətli mövqeyini bir daha bütün dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir. 30 illik işğal dövründə Azərbaycana qarşı çoxsaylı, qanlı hərbi cinayətlər törətmiş Ermənistan təəssüf ki, ölkəmizə qarşı mina terrorundan hələ də əl çəkmir. Məhz onların cinayətkar əməllərinin nəticəsidir ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. Mina təhlükəsi işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma proseslərini və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını yubadır. Lakin bütün bunlara baxmayaraq yenidənqurma işləri planlı şəkildə davam edir.
Xarici havadarlarına arxalanaraq sülh danışıqlarını hər vasitə ilə pozmağa çalışan Ermənistan 10 noyabr 2020-ci il bəyanatının şərtlərini yerinə yetirmir. Belə ki, xeyli müddət keçməsinə baxmayaraq bölgədəki erməni hərbi və yarımhərbi elementləri hələ də tərksilah edilməmişdir. Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Beynəlxalq hüquq normalarına açıq aşkar hörmətsizlik edən Ermənistan sülh danışıqlarını pozmaqla Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına böyük təhdidlər yaradır.
2023-cü ilin əvvəlində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətinə uzadılması dünyada ölkəmizə və ölkə başçımıza olan hörmətin və inamın ifadəsi idi. Qoşulmama Hərəkatına üzv olan ölkələr hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşmış, haqqın, ədalətin tərəfində olmışlar. Belə ki, onlar həm torpaqlarımız erməni işğalı altında olduğu dövrdə, həm də 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər. Bütün bunlar isə Qoşulmama Hərəkatının dünyadakı nüfuzunu daha da yüksəldir.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

