Federasiya prezidenti: Azərbaycan idmanı Ulu Öndərimizin dühası işığında tərəqqini davam etdirir

Qudret1.jpg

“Azərbaycanın 1969-cu ildən başlayan bir qərinədən artıq dövrü böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin əsasını qoyduğu idmana qayğı siyasəti bu gün yeni nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaradır. Bu sahədə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində əldə edilən möhtəşəm qələbələr hər birimizdə qürur hissi yaradır”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Alpaqut Federasiyasının prezidenti, idman siyasəti üzrə ekspert Qüdrət Nuriyev deyib. O qeyd edib ki, Ulu Öndər Azərbaycana hələ birinci rəhbərliyi dövründə həyatın bütün sahələrinin, həmçinin bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində gələcəyə hesablanmış genişmiqyaslı işlər görüb: “Həmin dövrdə yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təmin edilməsinə xüsusi diqqət yetirilib. Böyük idman-sağlamlıq mərkəzlərinin yaradılması, meydançaların salınması, idman komplekslərinin, qurğuların, zalların tikilməsi Bakıda, eləcə də, regionlarda idmanın inkişafı üçün əsaslı zəmin yaratmışdı. Ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə edən uşaq-gənclər idman məktəbləri fəaliyyətə başlamışdı ki, bu da uşaq və yeniyetmələr arasında idmana marağın artırılmasında mühüm rol oynayıb”.

İdman siyasətinin Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində həyatın bütün sahələrində hökm sürən durğunluq və böhran nəticəsində tamamilə diqqətdən kənarda qaldığını bildirən ekspert Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bu sahənin inkişafının yenidən böyük vüsət aldığını bildirib: “Ulu Öndər Azərbaycanın işıqlı gələcəyini gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsində görürdü. Uşaq və yeniyetmələrin hərtərəfli yetişməsində mühüm rol oynayan bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrilməklə, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın qabaqcıl idman ölkəsi kimi beynəlxalq miqyasda tanınması və Olimpiya hərəkatının öncüllərindən birinə çevrilməsi üçün görülən işlər getdikcə öz bəhrəsini verməyə başladı. Çox qısa zamanda görülən mühüm işlərin nəticəsi olaraq idmançılarımız tədricən böyük nailiyyətlər əldə etməyə başladılar.

Ümummilli Lider idmanın Azərbaycanın dünyada tanınmasında, nüfuzunun yüksəlməsində əhəmiyyətli roluna diqqət çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.

“Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün böyük inamla davam etdirilir. Şübhəsiz, idman da diqqət və qayğı ilə əhatə olunub. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən dövlətimizin başçısının idmana qayğısı biz idmançıları yeni qələbələrə ruhlandırır. Məhz Ulu Öndərimizin dühasının işığında ölkəmiz bütün sahələrdə olduğu kimi, idman aləmində də beynəlxalq miqyasda ön mövqedədir və bu tərəqqi respublikamızı liderlər sırasında saxlayır”, – Qüdrət Nuriyev vurğulayıb.