Fəsli tərəvəz istehsalçıları çıxılmaz vəziyyətdə qalıb

1000302704 1.png

Redaksiyamıza ölkənin müxtəlif bölgələrində pomidor və xiyar kimi fəsli tərəvəzlər yetişdirən sahibkarlardan narazılıqlar daxil olub.

Redaksiya xəbər verir ki, şikayətçilər son iki il ərzində istixanaların yay mövsümündə də fasiləsiz fəaliyyət göstərməsindən narahatdırlar. Onlar bildirirlər ki, bu hal fəsli məhsul istehsalçılarının bazarda rəqabət imkanlarını azaldır, məhsul bolluğu yaradaraq qiymətlərin kəskin düşməsinə və hətta məhsulların istifadəsiz halda çürüməsinə səbəb olur. Halbuki iki il əvvələ qədər istixanalar yay aylarında fəaliyyətini dayandırırdı və bu, bazarda təklif-tələb balansını qorumağa, fəsli məhsul istehsalçılarının satış imkanlarını genişləndirməyə kömək edirdi.

Məsələn, Xaçmaz rayonunda pomidor əkini ilə məşğul olan fermer R.H. redaksiyamıza bildirib ki, bəzi alıcılar məhsulu bazardan 20-30 qəpikdən toplayaraq soyuducu anbarlarda saxlayırlar. Onun sözlərinə görə, həmin şəxslər məhsulu 1-2 ay sonra 1,5 manata bazara çıxarmağı planlaşdırırlar.

Digər fermerlər isə bildirirlər ki, müvafiq qurumlara etdikləri müraciətlərə cavab olaraq, mövcud son hadisələr fonunda “Rusiya tərəfdən Azərbaycandan məhsul idxalına məhdudiyyətlər qoyulduğu” qeyd olunub. Bu isə məhsulların satışsız qalması ilə bağlı narahatlıqları artırır.

Bundan əlavə, istixanalarda may ayında əkin proseslərinin aparıldığı nəzərə alınsa, ölkədə əkin prosesinə nəzarətin yetərli səviyyədə olmadığı müşahidə olunur.

Qeyd edək ki, mövzunun aktuallığını və sahibkarların narahatlığını nəzərə alaraq, Redaksiya tərəfindən 12 iyul tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinə rəsmi sorğu göndərilib. Sorğuda nazirlikdən problemin səbəblərinə dair rəsmi mövqeyi və mövcud siyasət barədə açıqlama istənilib.

Lakin bütün cəhdlərə baxmayaraq, Nazirlik tərəfindən sorğumuza indiyədək hər hansı cavab təqdim olunmayıb.

Sevinc Kərimova