Gömrükdə 1542 yük maşını gözləyir – RƏSMİ

1702301671 4a48dbf6 1f14 3006 868a 9752c6aa4ba1 850 1702040028.jpg

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.

Azərbaycan yerüstü Nəqliyyat Agentliyindən verilən xəbərə görə, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı “Astara” gömrük postunda 250, “Biləsuvar” gömrük postunda 50, “Qırmızı Körpü” gömrük postunda 1126, “Mazımqara” gömrük postunda 55, “Samur” gömrük postunda 61 yük maşını var. “Xanoba” gömrük postunda isə növbə yoxdur.

Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.

Buna səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər.