İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və ABŞ-nin “Parallax Advisory Group” şirkətinin əməkdaşlığı ilə “Rəqəmsal akademiya” proqramının növbəti sessiyası baş tutub. 38 dövlət qurumundan 86 rəhbər şəxsin iştirak etdiyi budəfəki sessiyada dövlət idarəçiliyində süni intellekt texnologiyasının tətbiqi, qərarvermə prosesində və dövlət xidmətlərinin inkişafında yaratdığı imkanlar, tətbiq zamanı nəzərə alınmalı risklər və təşkilati yanaşmalar ətrafında geniş fikir mübadiləsi aparılıb.
İRİA-dan bildirilib ki, sessiya ərzində süni intellekt sahəsində mövcud qlobal tendensiyalar, layihələrin uğurlu tətbiqinə təsir edən əsas amillər, maşın öyrənməsinin prinsipləri, müasir süni intellekt alətləri və platformaları ilə bağlı təqdimatlar edilib. Dövlət idarəçiliyinin müxtəlif sahələrində vahid pripsiplərlə formalaşan süni intellekt ekosistemi üzrə nümunələr nəzərdən keçirilib, iştirakçılar öz qurum və struktur bölmələrinin fəaliyyətində bu texnologiyalardan istifadə imkanlarını müzakirə ediblər.
Ekspertlərin çıxışları zamanı süni intellektin qurumlarda qərarvermə prosesləri və dövlət xidmətlərinin təqdim edilməsinə təsir edən daha geniş transformasiya kimi qiymətləndirilməsinin vacibliyi bildirilib. Süni intellekt layihələrinin uğurlu tətbiqi üçün qərarvermə mərhələsində təşkilati kontekstin doğru müəyyən edilməsi, keyfiyyətli məlumatların və dövlət qurumlarında müvafiq idarəetmə səriştələrinin daim inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Proqramın ayrıca hissəsi süni intellekt layihələrinin əsasını təşkil edən data idarəçiliyinə həsr olunub. Məlumatların toplanılması və hazırlanması üzrə qabaqcıl təcrübələr, data keyfiyyətinin təmin olunması, datadan etik və məsuliyyətli istifadə prinsipləri ətrafında müzakirələr aparılıb.
“Rəqəmsal akademiya”nın bu sessiyasının növbəti modulları dekabrda keçiriləcək. Modullar ərzində rəhbərlər süni intellekt və rəqəmsal transformasiya, layihələrin idarəedilməsi və icrası ilə bağlı daha dərin bilik və təcrübə əldə edəcək, həmçinin müvafiq sahələri üzrə layihə təqdimatları üzərində işləyəcəklər.
Qeyd edək ki, 2023–2026-cı illər ərzində İRİA tərəfindən beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində keçirilən “Rəqəmsal akademiya” proqramı üzrə ümumilikdə 4 təlim proqramı təşkil edilib, 315 nəfər dövlət qulluqçusu və rəhbər vəzifəli şəxs proqramlarda iştirak edib. Bu günədək proqram çərçivəsində ümumilikdə 54 dövlət qurumu əhatə olunub.




