Google-ın yeni Pixel telefonunun təqdimatına hazırlıqlar sürətlə davam edir. Texnologiya dünyasında maraqla gözlənilən Pixel 10 modelinin təqdimat tarixi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Redaksiya məlumat verir ki, Böyük Britaniyada Pixel həvəskarları üçün eksklüziv bir tədbir təşkil olunacaq. Bu tədbirdə “Pixel 10” modelinin önizləməsinin keçiriləcəyi gözlənilir. Tədbirin 27 iyun 2025-ci il tarixində baş tutacağı bildirilir. Dəvətnamədə birbaşa “Pixel 10” adı çəkilməsə də, “təqdim olunmamış Pixel cihazları” ifadəsi yeni flaqman modelinə işarə edir.
Məlum olduğu kimi, Google Pixel 9 modeli 13 avqust 2024-cü ildə təqdim edilmişdi. Əgər Pixel 10-un təqdimatı iyun ayının sonunda həvəskarlara nümayiş etdiriləcəksə, cihazın iyul ayında satışa çıxarılması ehtimalı yüksəkdir. Bu, Google-ın son illərdəki tendensiyası ilə üst-üstə düşür. Belə ki, Pixel 8 modeli 12 oktyabr 2023-cü ildə təqdim edilmişdi.
Bu il Android 16-nın da daha erkən bir tarixdə təqdim olunması gözlənilir. Android 15-in sentyabr ayında rəsmi olaraq tamamlandığı halda, Android 16-nın iyun ayında beta proqramdan çıxması planlaşdırılır. Bu, Google-ın həm aparat, həm də proqram təminatında sürətlənməyə getdiyini göstərir. Android 16-nın Material 3 Expressive kimi əhəmiyyətli yeniliklər gətirəcəyi də məlumdur. Pixel 10-un kamera performansının o qədər də təsirli olmayacağı, lakin ekran texnologiyasında yaxşılaşmalar olacağı barədə də şayiələr dolaşır.
Nəticə etibarilə, Google-ın yeni Pixel modeli olan Pixel 10-un təqdimatının daha erkən bir tarixdə baş tutması gözlənilir. Bu, şirkətin rəqabətə daha tez qoşulmaq və yeni məhsullarını daha tez bazara çıxarmaq istəyindən xəbər verir.
Fərid Əlizadə





