Ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən dəyərli dayağı olan qadınlarımız əsrlər boyu formalaşmış milli dəyərlərimizə sadiq qalmaqla sürətlə maariflənərək, bu gün ictimai həyatın bütün sferalarında layiqincə təmsil olunur. Azərbaycan qadını, həm də Şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanmaqla seçilir.
Məhz bunun da sayəsində qadınlarımız xalqımızın milli ideologiyasının formalaşmasında iştirak etməyə başlamışdır. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümumilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdır. Dahi liderin uzaqgörən siyasəti nəticəsində qadınların ictimai-siyasi həyatda hərtərəfli fəaliyyətinə geniş imkan verilmiş, lider qadınlar yetişmişdir. Ulu Öndər Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu proses uğurla davam etdirilmiş, Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmişdir.
Bu gün Aərbaycan qadınının bütün peşələrdə layiqincə təmsil olunduğunun şahidiyik. Bu mənada qadınlarımızın ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir. Qalib Azərbaycan Ordusunun bütün qoşun növlərində yüzlərlə qadın xidmət edir. Zərif cinsin nümayəndələri Vətən qarşısında borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Bu gün Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın hərtərəfli fəaliyyəti Azərbaycan qadınının gücünü, ağlını, simasını nümayiş etdirir. Mehriban xanım Əliyevanın parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər örnək olmaqla yanaşı müqayisəolunmazdır. Hazırda ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, qadınlar dövlət qurumlarında, Milli Məclisdə, məhkəmələrdə, bələdiyyələrdə, belə desək dövlət hakimiyyətinin bütün sahələrində uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir.
Qeyd edək ki, 1998-ci ildə keçirilmiş Azərbaycan qadınlarının birinci qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir və həmin ildən başlayaraq hər beş ildən bir Azərbaycan qadınlarının qurultayı keçirilir. Dünyanın dörd bir tərəfində əlamətdar gün kimi qeyd edilən 8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə də rəsmi bayram günü kimi qeyd edilir. Bəşər cəmiyyəti mövcud olduqca bu tarix daim xüsusi gün kimi qeyd ediləcəkdir. Günün mübarək alnıaçıq, başıuca Azərbaycan qadını!
Vidadi İsmayılov;
Neftçala rayon ağsaqqalı, Şəhid atası





