Bu gün ölkəmizin irəli sürdüyü yaşıl enerji gündəliyi mövcud imkanlardan səmərəli istifadə etməklə iqtisadi inkişafa nail olmaq məqsədi daşıyır.
Hazırda Azərbaycan məxsus olduğu geniş ehtiytlar sayəsində bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkəyə çevrilib. Dövlətimiz reallaşdırdığı layihələrlə qısa zaman kəsiyində bu sahəni inkişaf etdirmək niyyətini nümayiş etdirir. Cənab Prezdent İlham Əliyevin öz çıxış və müsahibəsində dəfələrlə bəyan edib ki, ölkəmizdə bu istiqamətdə yaxşı sərmayə mühiti mövcuddur.
Məlum səbəblərdən ölkəmiz uzun illər zəngin ehtiyatlarından daha səmərəli şəkildə istifadə edə bilmirdi. Lakin son dörd ildə suveren ərazilərimizin ümumi iqtisadi inkişafa töhfə verməyə cəlb edilməsi uğurlu nəticələrin əldə edilməsini şərtləndirib. Bilirik ki, tarixi Qarabağımız bərpaolunan enerji ehtiyatları ilə zəngindir. Hazırda Azərbaycan dövləti ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpaolunan enerji istehsalına yönəldir. Qeyd edək ki, hazırda ölkəmizin qarşıya qoyduğu ən əsas məqsədlərdən biri istehsal edəcəyi bərpaolunan enerjini ixrac etməkdir. Bu da gələcəkdə Azərbaycanın böyük yaşıl enerji ixracatçısına çevrilməsinə səbəb olacaqdır. Bildiyimiz kimi Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəkdir. Bu mənada son dörd ildə ekoloji mühitin tarazlığının təmin olunması istiqamətində həyata keçirilən işlər, planlaşdırılan layihələr Azərbaycanın dünyaya verdiyi töhfələrdir. Cənab İlham Əliyev 26 sentyabr tarixində baş tutmuş iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışında bir çox məqamlar kimi bu sahəyə də diqqət çəkməklə, bərpaolunan enerji istehsalının dövlət siyasətimizin əsas priroritet istiqamətlərindən biri olduğunu nümayiş etdirdi.
Rəna İmanzadə;
Neftçala rayon gənci






