İşıq dirəyinə çıxaraq intihar etmək İSTƏDİ

1690434766 e1092bc4 5000 3f5e 9a6b 7c9f38b2fc71 850.jpg

Kürdəmir rayonunda intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Dəmiryol vağzalında bir nəfər intihar etmək məqsədilə işıq dirəyinə çıxıb.

Belə ki, 1965-ci il təvəllüdlü Zahir Zeynalov hündürlüyü 15 metr olan işıq dirəyinə çıxaraq intihara cəhd edib. Bunu görən ətrafdakı vətəndaşlar FHN-in “112” qaynar telefon xəttinə məlumat veriblər.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvələri cəlb olunub.

Əraziyə cəlb olunmuş yanğınsöndürən-xilasedicilər vətəndaşla psixoloji söhbətlər apararaq onu intihar niyyətindən çəkindirib və xilasetmə kəndirinin köməyi ilə yüksəklikdən endiriblər.