Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri iki ölkə arasında münasibətlərdə yeni mərhələ açdı. Ümumiyyətlə, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı rəsmi Bakının xarici siyasətinin vacib istiqamətlərindən biridir. Səfər zamanı keçirilən görüşlərdə ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafı və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün yeni perspektivlər açıldı. Əslində iki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya Prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Rəsmi Tirana hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda Albaniya NATO üzv ükimi hərbi alyansla Azərbaycan əlaqələrinə həmişə dəstək verib. Prezident İlham Əliyev Albaniya həmkarı ilə görüşdə də bəyan etdiyi kimi, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva qeyd edib ki, öllkəmiz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak edib. Azərbaycan NATO-ya üzv olmayan, amma sülhməramlı missiyaya qoşulan birinci ölkələr sırasında olub. Eyni zamanda Azərbaycan Əfqanıstandan çıxan son iki ölkədən biridir. Yəni, bu, rəsmi Bakının məsuliyyətinin təzahürüdür. Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrin əsas istiqamətidir. Albaniya TAP-ın vasitəsilə regionun ən nəhəng layihəsi – Cənub Qaz Dəhlizinin iştirakçısıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə verib. TAP-ın Albaniya üçün faydalarına gəlincə, bu, rəsmi Tiranaya 1,5 milyard avro dəyərində sərmayə yatırılmasından söhbət gedir.
Deputat qeyd edib ki, layihə müddətində, yəni 25 il ərzində ölkəyə 285 milyon avro vergi ödənişi proqnozlaşdırılır. Albaniya eyni zamanda 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaqla yanaşı Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. Yəni, beynəlxalq təşkilatlar çərçivısində də ölkələrimiz daim bir-birini dəstəkləyir. Prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri zamanı aparılan müzakirələr gələcək üçün yeni istiqamətlər müəyyən etdi, tərəflər həmçinin bir-biri üçün maraqlı olan sahələri təyin etdilər.





