Ərəb Dövlətləri Liqasının (Ərəb Liqası) Baş katibi Əhməd Əbul-Ğeytin başçılıq etdiyi Misir, İordaniya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair və Sudanın xarici siyasət idarələrinin rəhbərlərindən ibarət nümayəndə heyəti Varşavada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə müzakirələr aparıblar.
Bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Rusiya ilə Ukrayna arasında münaqişənin BMT-nin Nizamnaməsinə uyğun şəkildə siyasi dialoq yolu ilə həlli yolları və Ərəb Liqasının vasitəçilik səyləri müzakirə olunub.
Ukraynanın xarici işlər naziri bildirib ki, Rusiya hərbi donanması onun ölkəsinin Qara dəniz limanlarının blokadasını aradan qaldırmalı və bununla ərzaq, xüsusən taxıl yüklü gəmilərin ərəb ölkələrinə göndərilməsi bərpa edilməlidir.
Misir və Əlcəzairin xarici işlər nazirləri görüşdən sonra keçirdikləri mətbuat konfransında qeyd ediblər ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlarını davam etdirməsi Yaxın Şərq və Şimali Afrika regionunda ciddi sosial-iqtisadi fəsadlar doğura bilər.
Ərəb Liqasının nümayəndə heyəti bir gün əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə də müzakirələr aparıb.

