“Ağ Şəhər”in ərazisi genişləndiriləcək

Agseher 6aeb3231a5548

Bakıda 21 hektar ərazini əhatə edən Mərkəzi Park layihəsinin dördüncü mərhələsi həyata keçirilir.

Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən AIREX 2026 beynəlxalq daşınmaz əmlak və investisiya sərgisi çərçivəsində bildirib.

Onun sözlərinə görə, 20 hektar ərazini əhatə edən Mərkəzi Park layihəsinin birinci mərhələsinin icrasına 2019-cu ildə başlanılıb. Layihənin 6,4 hektar ərazini əhatə edən ikinci mərhələsinə isə 2022-ci ildə start verilib və 2024-cü ildə başa çatdırılıb.

R.Qasımov qeyd edib ki, hazırda layihənin ən böyük mərhələsi həyata keçirilir və bu mərhələ 21 hektar ərazini əhatə edəcək.

O, həmçinin “White City” layihəsi barədə məlumat verib.

“Şəhərsalma sahəsində ən böyük yenilənmə layihələrindən biri əvvəllər “Qara şəhər” kimi tanınan keçmiş sənaye ərazisinin müasir, çoxfunksiyalı şəhər rayonuna çevrilməsini nəzərdə tutan White City layihəsidir”, – deyə R.Qasımov bildirib.

O qeyd edib ki, layihə yaşayış məhəllələrini, biznes obyektlərini, yaşıllıq sahələrini və ictimai məkanları əhatə edir.

R.Qasımov layihənin əsas istiqamətləri sırasında əvvəllər neft sənayesi obyektlərinin yerləşdiyi ərazinin ekoloji cəhətdən bərpasını, yaşayış, kommersiya və biznes infrastrukturunun inkişafını, parkların, ictimai meydanların və piyada zonalarının yaradılmasını qeyd edib.

“Bundan əlavə, layihə çərçivəsində yeni yolların və piyada körpülərinin tikintisi, metronun gələcəkdə genişləndirilməsi perspektivləri nəzərə alınmaqla nəqliyyat əlaqələrinin inkişafı, eləcə də sahilyanı ərazilərin Bakı Dənizkənarı Bulvarı və rekreasiya zonaları ilə inteqrasiyası nəzərdə tutulur.

Bakının şəhər mühitinin transformasiyasında yaşıllaşdırma işləri də diqqətçəkən istiqamətlərdən birinə çevrilib. Xüsusilə, yeni parkların salınması, mövcud ictimai məkanların yenidən qurulması və “yaşıl” infrastrukturun genişləndirilməsi layihələri həyata keçirilir.

Gələcəkdə yeni park və bağlar paytaxtın “yaşıl” dəhlizlərinin bir hissəsinə çevriləcək. Bu layihələr, həmçinin istirahət və ünsiyyət üçün ictimai məkanların, piyada marşrutlarının, idman obyektlərinin və aktiv istirahət zonalarının yaradılmasını nəzərdə tutur”, – deyə o bildirib.