Sumqayıt şəhərində fəaliyyət göstərən “Master İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimələnib.
MMC məcburi auditdən yayınıb.
Belə ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının məcburi auditini 2025-ci ildə həyata keçirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib.
Məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Lakin “Master İnşaat” və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməyiblər. Tərəflər məhkəməyə gəlməmələrinin səbəbləri barədə də hər hansı məlumat təqdim etməyiblər.
Sumqayıt Şəhər Məhkəməsi onların səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edib və iş üzrə toplanmış materialları araşdırarkən inzibati xətanın törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib.
Qeyd edilib ki, Maliyyə Nazirliyinin bildirişindən məlum olur ki, “Master İnşaat” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin 2025-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınma faktı üzrə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılıb. Şirkətin bu il həmin şöbəyə gəlməsi tələb olunub.
Lakin iş materiallarında olan inzibati xəta haqqında protokolda göstərilən hallara əsasən, “Master İnşaat” MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
Məhkəmə də bu halları qiymətləndirərək şirkətin İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin tam sübuta yetirildiyi qənaətinə gəlib. Nəticədə məhkəmənin qərarı ilə MMC inzibati xətanı törətməkdə təqsirli bilinib. Şirkət barəsində 1 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Əlavə məlumat üçün deyək ki, “Master İnşaat”ın nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi İbadov Ariz İbad oğludur.
Plat.az





