Mədən layihələri regionların iqtisadi dirçəlişini sürətləndirəcək

Ilhameliyev13 69f86e6c5f510

İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən layihələrinin həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına şərait yaradacaqdır.

İşğaldan azad edilmiş ərazilərin bərpası bu gün Azərbaycanın qarşısında duran mühüm sosial-iqtisadi vəzifələrdən biridir. Bu ərazilərin iqtisadi potensialının yenidən dövriyyəyə daxil edilməsi regional inkişafın mühüm istiqamətlərindən biri hesab olunur. Dağ-mədən sənayesi həmin prosesdə xüsusi əhəmiyyətə malik sahələrdən biri kimi təqdim edilir. Məlum olduğu kimi Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında qızıl, mis və molibden yataqları mövcuddur. Bu yataqların istismara qaytarılması ərazilərin iqtisadi potensialından istifadə imkanlarını genişləndirə bilər. Ağdərədə artıq işlərin başlanması digər ərazilərdə də analoji layihələrin həyata keçirilməsi üçün ilkin mərhələ kimi qiymətləndirilir. Kəlbəcər və Zəngilanda da işlərin başlanmasının nəzərdə tutulması regional sənaye xəritəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Dövlət başçısı cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışında bu sahənin inkişaf istiqamətlərinə xüsusi diqqət ayrılmasının vacibliyini bildirdi. Bildiyimiz kimi işğal dövründə düşmən tərəfindən bu regionun təbii sərvətlərinə və meşə fonduna ciddi zərər vuruldu. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu məhv edildi. Bu fakt regionların iqtisadi bərpası ilə ekoloji bərpanın paralel aparılmasının vacibliyini göstərir. Yeni mədən layihələri həyata keçirilərkən təbii ehtiyatların qorunması xüsusi yanaşma tələb edir.

Mədənçilik iqtisadi gəlir yaradan sahə olmaqla yanaşı, düzgün idarə edilmədikdə ətraf mühitə təsir göstərə bilən fəaliyyətdir. Buna görə də istehsal və ekoloji təhlükəsizlik arasında balansın qorunması əsas şərtlərdən biri olmalıdır. Təbiidir ki, mədən layihələrində maksimum ekoloji ekspertizanın aparılması və ekoloji normalara əməl edilməsi tələb olunur. İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən layihələrinin həyata keçirilməsi yeni iş yerlərinin yaradılmasına da şərait yaradacaqdır. Məşğulluğun artması regionlara qayıdan əhalinin iqtisadi fəallığının təmin olunmasına töhfə verə bilər. Sənaye müəssisələrinin yaradılması ətrafında xidmət və logistika sektorlarının da inkişaf etməsi mümkündür. Beləliklə, bir mədən layihəsi yalnız hasilat fəaliyyəti deyil, daha geniş regional iqtisadi ekosistem yarada bilər. Bu prosesin səmərəli olması üçün infrastrukturun paralel şəkildə inkişaf etdirilməsi vacibdir.

Yol, enerji və logistika imkanlarının genişləndirilməsi sənaye layihələrinin rəqabət qabiliyyətinə təsir edən amillərdəndir. Dövlət Proqramının regionların sosial-iqtisadi inkişafı gündəliyi ilə əlaqələndirilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Digər mühüm məsələ yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsidir. Sovet dövründə aparılmış araşdırmaların üzərindən uzun müddət keçdiyi üçün mövcud məlumatların yenilənməsi zəruri hesab olunur. Yeni texnologiyalar yataqların ehtiyatları və iqtisadi potensialı haqqında daha dəqiq məlumat əldə etməyə imkan verə bilər. Bu isə gələcək investisiya qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsinə şərait yaradar. Nəticə etibarilə, dağ-mədən sənayesinin inkişafı işğaldan azad edilmiş ərazilərin yalnız iqtisadi deyil, sosial və infrastruktur baxımından da dirçəlişinə xidmət edən amillərdən birinə çevrilə bilər.

Elvin Əlizadə
Neftçala rayonu