Milli dövlətçiliyin bərpası

417641314 0 0 2049 1537 1920x0 80 0 0 6b3c6e31758b4265f8f008e766025c59.jpg

SSRİ-nin 1991-ci ildə hərtərəfli dərin böhran keçirməsi Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il avqustun ayının 30-da xalqın tələbi ilə çağırılmış Ali Sovetin növbədənkənar sessiyasında Ulu Öndər Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etdi. Dərin siyasi təcrübəyə malik Heydər Əliyev gözəl başa düşürdü ki, bunun üçün müstəsna şərait yaranıb. SSRİ dağılmaq üzrədir. Məhz həmin gün keçirilən sessiyada Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT nizamnaməsində, digər beynəlxalq hüquq pakt və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdı. Ali Sovetin 1991-ci il 30 avqust tarixli iclasında bəyannamə ilə yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Konstitusiya Aktının layihəsini iki həftə müddətində hazırlamaq barədə qərar qəbul edildi. Lakin o vaxtkı respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin 360 deputatından 258-sinin iştirakı ilə keçirilmiş sessiyasında adbaad səsvermədə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” yekdilliklə qəbul olundu. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı ki, bu da ictimai həyatın bütün sahələrində xaos, hərc-mərcliklə nəticələndi. Erməni təcavüzünün gündən-günə güclənməsi orduda da vəziyyəti ağırlaşdırıdı. Ölkədə hakimiyyət boşluğu yaranmışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Vətənin belə ağır günündə xalq Heydər Əliyevi Bakıya dəvət etdi. Bu təkidli dəvəti qəbul edən Ulu Öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəlişi ilə vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrlə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi ilə Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir ki, 30 il ərazində itirilmiş torpaqlarımız 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad edildi. Biz artıq bütün dünyaya müstəqil dövlət olduğumuzu sübut etmişik. Müstəqilliyimiz dönməzdir, əbədidir!

Şirxan Quliyev;
Neftçala rayon gənci, Vətən Müharibəsi qazisi