Rusiyanın paytaxtı Moskva güclü təbiət hadisəsinin təsiri altındadır. “Sardelka” formasında yayılan siklon şəhəri tamamilə iflic edib.
Redaksiya xəbər verir ki, güclü leysan və ildırım nəticəsində Moskvada demək olar ki, hər yer su altında qalıb: küçələr, həyətlər, binalar, dayanacaqlar, magistrallar və hətta metro stansiyaları belə selə təslim olub.
Şəhərdə ildırımlar ara vermədən vurur, binalara ciddi ziyan dəyir, bəzi yerlərdə yanğınlar baş verib.
Bir çox Moskva sakini yaşadıqları məhəllələrdən çıxa bilmir – həyətlərdə avtomobillər hərəkətsiz qalıb. Eyni zamanda, ictimai nəqliyyat dayanıb və dayanacaqlarda sərnişin sıxlığı müşahidə olunur.
Rusiya fövqəladə hallar orqanları vəziyyəti nəzarətə almağa çalışır, lakin Moskvalılar sosial şəbəkələrdə bunun “Atlantidanın batması”na bənzədiyini yazırlar. Hazırda şəhərdə təbii fəlakət səviyyəsində vəziyyət hökm sürür.
Kənan Cəlilov

