24 iyun 1993-cü il tarixində Ulu Öndər Heydər Əliyevin prezidentlik səlahiyyətlərinin icrasına başladığı gün, Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi kimi həkk olunmuşdur.
Ulu Öndər Heydər Əliyev siyasi zəkası, yorulmaz və tükənməz fiziki qüvvəsi ilə bütün ömrü boyu canından çox sevdiyi doğma Azərbaycanımızın inkişafı naminə əlindən gələni əsirgəməmişdir. İqtisadiyyatımızın bütün sahələrində yeni inkişaf mexanizmi, islahatlar paketi işlənilib hazırlanmış və reallaşdırılması tez bir zamanda mümkün olmuşdur. Bu səbəblərdən də hazırkı qüdrətli Azərbaycan Heydər Əliyevin şah əsəri hesab edilir. Fenomen yaddaşa, əvəzolunmayan idarəçilik təcrübəsinə malik Heydər Əliyevin müstəqilliyini bərpa etdikdən sonra Ölkəmizə rəhbərlik etdiyi dövrlərə nəzər salsaq görəcəyik ki, onun hakimiyyətə gəldiyi illərin ilk dövrləri rahat, sabitliyin hökm sürdüyü dövr olmayıb. Həmin vaxt hakimiyyətdə olan səriştəsiz qüvvələrin “idarəçiliyi” sayəsində Azərbaycan az qala dünyanın siyasi xəritəsindən bir dövlət olaraq silinməklə üz-üzə qalmışdı. Xalq ümid yerini, pənahını ancaq Heydər Əliyevə bağlaya bilərdi. Və belədə oldu. 15 iyun 1993-cü ildə Ümummilii Lider Heydər xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Həmin günlər Heydər Əliyevin Bakıya qayıdışına qısqanclıq hissi ilə yanaşan qüvvələr az deyidli. Xaricdən maliyyələşən və bütün amalları hər fürsətdə xalqına, dövlətinə zərbə vurmağı düşünən həmin o bədnam qüvvələr Heydər Əliyevin hakimiyyətə təkrar qayıdışını həzm edə bilmir, hər yolla dövlətçiliyimizin əsaslarına zərbə vurmağa cəhd edirdilər. Müharibə şəraitində olan bir dövlət üçün bu bir xaos, anarxiya və ən əsası müstəqilliyimizin itirilməsi qədər ağır nəticələrə səbəb olacaq bir duruma gətirib çıxarmışdı. Məhz Heydər Əliyevin Ölkəmizin tarixində ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bütün boşluqlar aradan qalxdı, vahid mərkəzdən idarə olunan idarəetmə sistemi yaradıldı. Vahid komandanlığa tabe olan nizami ordu quruldu. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiyi fədakarlığı heç zaman unutmayacaqdır. Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq, davamlı siyasi-hüquqi islahatlar nəticəsində dövlət quruculuğu proseslərinin möhkəmləndirilməsinə, siyasi sistemin təkmilləşdirilməsinə, milli həmrəyliyin formalaşdırılmasına nail oldu. Məhz Ulu Öndər Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində artıq keçmişdə qalmış “Dağlıq Qarabağ” münaqişəsinin detalları və reallıqları dünya ictimaiyyətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik ənənələri və siyasi xətt bu gün böyük uğurla Ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam və inkişaf etdirilir. Bu gün Azərbaycanda dünyanın inkişaf etmiş dövlətləri ilə rəqabət apara biləcək iqtisadiyyata malikdir. Azərbaycan artıq dünyanın donor dövlətinə çevrilib. Hazırda ünyanın bir çox bölgəsində Azərbaycanın təşəbbüsü, o cümlədən maliyyə dəstəyi ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələr icra olunmaqdadır. Ölkəmiz beynəlxalq arenada bu gün etibarlı tərəfdaş ölkə kimi qəbul edilməkdədir. Qüdrətli Azərbaycan hərtərəfli inkişafı ilə tam ərazisi üzərində suverenliyini təmin edib. Artıq əminliklə deyə bilirik ki, Ulu Öndərin qurucusu olduğu Azərbaycan bu gün əmin əllərdədir. Ölkəmiz inkişaf edir, güclənir, gələcəyə doğru inamla irəliləyir.
Rəşid Manafov;
Neftçala rayon ziyalısı





