Bu ilin yanvar-may aylarında Azərbaycana 176 ölkədən 713 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə (50 %) çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, gələnlərin 32,4 %-i Rusiya, 20,0 %-i Türkiyə, 8,1 %-i İran, 5,2 %-i Gürcüstan, 4,9 %-i Hindistan, 2,3 %-i Pakistan, 2,2 %-i Qazaxıstan, 2,1 %-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2 %-i Səudiyyə Ərəbistanı, 1,9 %-i Özbəkistan, 1,6 %-i Belarus, 1,5 %-i Ukrayna, 1,3 %-i Böyük Britaniya, 1,3 %-i Türkmənistan, 1,2 %-i Küveyt, 12 %-i digər ölkələrin vətəndaşları olub, 74,1 %-ni kişilər, 25,9 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan – 3,9 dəfə, Hindistandan – 3,2 dəfə, Belarusdan – 2,7 dəfə, Özbəkistandan – 2,6 dəfə, Qazaxıstandan – 2,0 dəfə, Rusiyadan – 2 dəfə, Böyük Britaniyadan – 1,8 dəfə, İsraildən – 1,7 dəfə, ABŞ-dan – 1,6 dəfə, Küveytdən – 43,8 %, Pakistandan – 43,0 %, Gürcüstandan – 41,7 %, Türkiyədən – 22,5 %, Omandan – 17,4 %, BƏƏ-dən – 14,7 % artıb.
Bundan başqa, MDB ölkələrindən gələnlərin sayı 2 dəfə artaraq 296,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 38 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,5 % azalaraq 103,1 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 31,9 %-i dəmir yolu və avtomobil, 66,6 %-i hava, 1,5 %-i isə dəniz nəqliyyatından istifadə edib.

