“Özbəkneftqaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Özbəkistan şirkətinin “Şahdəniz” layihəsinə daxil olmasına dair saziş imzalaya bilər.
Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz SOCAR-ın Özbəkistanda neft və təbii qaz hasilatı layihələrində iştirakı ilə bağlı danışıqlar aparırıq. Eynilə, “Özbəkneftqaz”ın qaz hasilatı layihələrində iştirakı məsələsi hazırda müzakirə olunur və bu danışıqlar yekun mərhələdədir”, – o qeyd edib.
Jurnalistlərin bunun “Şahdəniz” layihəsinə aid olub-olmaması ilə bağlı sualına özbəkistanlı nazir müsbət cavab verib.
Qeyd edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).

