İran prezidenti Məsud Pezeşkian İsrailin ona qarşı uğursuz sui-qəsd cəhdi təşkil etdiyini bildirib.
Redaksiya xəbər verir ki, Pezeşkian bu barədə amerikalı jurnalist Taker Karlsonun proqramında çıxış edərkən danışıb.
Onun sözlərinə görə, İsrail rəhbərliyi ona qarşı sui-qəsd planlaşdırıb: “Bəli, cəhd etdilər və buna uyğun hərəkət etdilər, amma uğursuz oldular”, — deyə Pezeşkian bildirib.
ABŞ-də guya “İranın yatmış hüceyrələrinin” fəaliyyət göstərməsi iddialarına cavab verən İran prezidenti bildirib: “İsrail sizin şüurunuza bunu yeritməyə çalışır. Amma bu tamamilə yalandır.”
Pezeşkian əlavə edib ki, İranın ali lideri Ayətullah Xameneyi ABŞ-dən olan sərmayədarların İrana gəlib sərmayə yatırmasına qarşı çıxmır: “Bununla bağlı heç bir əngəl yoxdur.”
Donald Tramp barədə danışan Pezeşkian qeyd edib: “Tramp bölgəni ya sülhə və daha parlaq gələcəyə aparacaq, ya da İsraili yerinə oturdacaq və ya regionu sonsuz bir bataqlığa sürükləyə biləcək imkanlara sahibdir.”
İran prezidenti vurğulayıb ki, Tehran müharibə istəmir: “Biz yalnız torpaqlarımızı qorumaq üçün savaşırıq.”
Trampa qarşı guya İranda edam fətvasının verilməsi iddialarına münasibət bildirən Pezeşkian bunları təkzib edib: “Bunun İran hökuməti və ya İranın lideri ilə heç bir əlaqəsi yoxdur. Bunu sadəcə fərdi düşüncələri və fikirləri olan insanlar söyləyə bilər.”
Sevinc Kərimova





