Prezident İlham Əliyev Çində Çin prezidenti Si Cinpinlə görüşüb

Aliyev and xi.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüş keçirib.

Redaksiya Prezident.az-a istinadla xəbər verir ki, dövlət başçıları birgə foto çəkdiriblər. Si Cinpin Prezident İlham Əliyevi “əziz dostum” deyə salamlayaraq, onun Şanxay Əməkdaşlıq Təşkilatının Plus Zirvəsinə, həmçinin Çin xalqının xarici hərbi təcavüz və faşizm üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş tədbirlər və hərbi paradlarda iştirak dəvətini qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Si Cinpin Azərbaycan-Çin münasibətlərinin 30 ildən artıq müddətdə uğurla inkişaf etdiyini vurğulayıb, bu əlaqələrin hazırda hərtərəfli strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib. Çin lideri iki ölkə arasında ticarət dövriyyəsinin artmasını, enerji, o cümlədən bərpaolunan enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsini diqqətə çatdırıb. O, həmçinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın gücləndiyini, Çin mallarının Azərbaycan üzərindən, xüsusən Transxəzər marşrutu ilə daşınmasının əhəmiyyətini vurğulayıb.

Çin Prezidenti Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəklədiyini, Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunmasında birbaşa dialoqun vacibliyini qeyd edib. Si Cinpin, həmçinin, Azərbaycanın daxili işlərinə qarışmadan inkişaf modelinə dəstək verdiklərini bəyan edib.

Prezident İlham Əliyev dəvət üçün təşəkkürünü bildirib və Çin xalqını qələbənin 80 illiyi münasibətilə təbrik edib. Dövlət başçısı öz növbəsində Çin Xalq Respublikasına etdiyi dövlət səfərini məmnunluqla xatırladığını və həmin görüşlərin hərtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini vurğulayıb. O, hərtərəfli strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin xüsusi əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev Çinlə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın Tayvan, Honq Konq və Sincan Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilən seçkiləri pisləyən ilk ölkələrdən olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti iki ölkə arasında ticarət əlaqələrinin ciddi artdığını, “Orta Dəhliz” vasitəsilə Çinə aid yüklərin Azərbaycan ərazisindən daşınmasının marşrutun səmərəliliyinin göstəricisi olduğunu qeyd edib. İlham Əliyev həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli əsasda sülh gündəliyinin irəlilədiyini, bölgədə artıq sülhün bərqərar olduğunu bəyan edib.

Görüşdə Azərbaycan və Çinin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi, vizasız gediş-gəliş sazişinin qüvvəyə minməsindən sonra turizm sahəsində əlaqələrin inkişafı vurğulanıb. Tərəflər əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Sevinc Kərimova