Prezident yüksək nəticə göstərən idmançıları mükafatlandırdı

1689159490 64ae84e832a0c64ae84e832a0d16891588881568d1f5cb9c3ea898279838d7676996.jpg

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 900 min manat vəsait ayrılıb.

Sərəncama görə, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiqləməlidir.

Eyni zamanda, Gənclər və İdman Nazirliyi ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təşkil etməli, Maliyyə Nazirliyi isə maliyyələşməni təmin etməlidir.