Azərbaycanın son illər dünyada nüfuzunun artması, mövqeyinin güclənməsi respublikamızın xarici dövlətlərlə olan münasibətlərində yeni imkanlar açmışdır. Bu mənada ölkəmizin, Avrasiya materikinin müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələri daha da inkişaf etmiş, milli maraqlara söykənən münasibətləri nəzərəçarpacaq dərəcədə genişlənmişdir. Hazırda Azərbaycanın sıx dostluq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri starteji tərəfdaşlıq səviyyəsinə yüksəltmiş dövlətlərdən biri də qardaş Pakistandır. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Belə ki, ölkələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək verir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycan-Pakistan münasibətləri hər iki ölkənin dövlət rəhbərlərinin səyləri nəticəsində özünün ən yüksək inkişaf dövrünü yaşayır. İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan-Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki ölkənin starteji mövqeyi və regional təsiri onların qarşılıqlı əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaradır. Azərbaycanın müstəqilliyinin ilk günlərindən etibarən Pakistanın dəstəyi və bu günki əməkdaşlıq platformaları bu əlaqələrin nə qədər dərin və möhkəm olduğunu göstərir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Pakistanla əlaqələrimizi belə xarakterizə edir: “Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycan dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib, bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Əlbəttə ki, qarşılıq dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”. Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlı olan siyasətidir. Bir neçə gün öncə Pakistana dövlət səfəri edən cənab İlham Əliyev mətbuata bəyanatla verdiyi bəyanatında bu mühüm faktı bir daha vurğuladı. Pakistanın işğal dövründə Azərbyacana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmadığını deyən Ölkə başçısı bunun xalqlarımız arasında olan və əsrlər əvvələ söykənən dostluq, qardaşlıq əlaqələrindən bəhrələndiyini vurğuladı. Xüsusi vurğulanmalıdır ki, cənab Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ikitərəfli münasibətləri dəyişdirəcək, dönüş nöqtəsi kimi tarixə düşdü və təbii ki, keçirilən görüşlər, imzalanan sənədlər Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlərin açacağı şübhəsizdir. Beləliklə Mğhtərəm Prezident cənab İlham Əliyevin Pakistana tarixi səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsinə və inkişafına ciddi təsir göstərəcək, ölkələrimiz, xalqlarımız arasında olan tarixi bağlılıq bundan sonra da əbədi olacaqdır.
Zahir Əliyev;
Neftçala rayonu





