Qurban Qurbanov: 10 milyon azərbaycanlı bizimlə idi

Bd48f59a165764894988213396510404762.jpg

“İlk olaraq bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Mən də bildirmişdim ki, bizim tərəfdarlar onlardan zəif deyil. Bunun da şahidi olduq. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini bildirib: “Futbolçulara əhsən deyirəm. Hesab hamını aldada bilər. Dinamik komandaya qalib gəlmişik. Oyunçularımın hər birinə təşəkkür edirəm. Onlar bu oyuna tam hazır idilər və qələbəyə layiq idilər”.

Qurbanov rəqibi 5 qolla məğlub etmələrinə də toxunub: “Belə hesab gözləmirdim. Həqiqətən güclü rəqibə qarşı oynayırdıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesablı nəticə ola bilər. Azarkeşlər bu nəticəyə layiq idilər. Biz qalib gələcəyimizə inanırdıq”.

Təcrübəli baş məşqçi II təsnifat mərhələsində üz-üzə gələcəkləri İsveçrə “Sürix”i haqqında bunları söyləyib: “Bugünədək həmin rəqibə baxmamışam. Ancaq “Lex”lə oyunlara köklənmişdik. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Layiqli oyun göstərmək istəyirik”.